Bu gün – 2 avqust 2025-ci il tarixində Türkiyənin Kilis şəhərində Azərbaycanın ixrac etdiyi təbii qazın Suriyaya nəqlinə başlanılıb. Bu mühüm hadisə təkcə Azərbaycan və Suriya arasında yeni iqtisadi əməkdaşlıq xəttinin açılması deyil, həm də Azərbaycanın enerji siyasətində, regiondakı diplomatik fəallığında yeni mərhələnin rəmzidir. Azərbaycan qazının Yaxın Şərq bazarına daxil olması ölkənin enerji ixracında diversifikasiyanın real nəticəyə çevrildiyini göstərir.
Bakı–Dəməşq xəttində diplomatik dinamizm
Azərbaycan və Suriya arasında münasibətlərin son aylarda intensivləşməsi bu prosesə siyasi zəmin yaratdı. Xüsusilə iyulun 12-də Suriya Prezidenti Əhməd Əl Şaaranın Azərbaycana rəsmi səfəri və Antalyada Prezident İlham Əliyevlə keçirilən görüş, iki ölkə arasında dialoqun dərinləşdiyini nümayiş etdirdi. Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin rəsmiləri Suriyaya səfər edərək bu ölkənin münaqişədən sonrakı inkişafında Azərbaycanın iştirak imkanlarını araşdırıblar. Araşdırmalardan sonra Bakı açıq şəkildə bəyan edib ki, Azərbaycan Suriyanın bərpa və quruculuq mərhələsinə öz töhfəsini verməyə hazırdır. Bu yanaşma təkcə enerji ixracı ilə məhdudlaşmır, söhbət yumşaq güc vasitəsilə nüfuz və regional əməkdaşlığın dərinləşdirilməsindən gedir.
Enerji diplomatiyasında yeni istiqamət
Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir ki, onların böyük əksəriyyəti Avropa ölkələridir. Lakin Suriya istiqamətində ilk qaz nəqli Azərbaycanın enerji ixrac xəritəsində Yaxın Şərqi də strateji istiqamət kimi tanıdır. Bu hadisə Azərbaycanın enerji siyasətində əsasən Qərbə yönəlmiş ixrac modelini Cənub və Yaxın Şərqə doğru genişləndirdiyini göstərir. Artıq söhbət təkcə Avropa bazarına qaz çatdırmaqdan deyil, Türkiyə, İraq, Suriya, perspektivdə isə Misir və İordaniya kimi bazarlara çıxışdan gedir. Suriya ilə əməkdaşlıq bu baxımdan həm istehlakçı bazar, həm də tranzit yolunun açılması mənasında əhəmiyyətlidir.
Regional güc balansında yeni oyunçu
Azərbaycanın Suriyaya qaz nəqli Yaxın Şərqdə və daha geniş mənada Qərbi Asiyada yeni geosiyasi dinamika yaradır. Bu, təkcə iqtisadi deyil, həm də siyasi mənzərəni dəyişmək gücündədir. Regionda enerji sahəsində dominant olan ölkələr Rusiya, İran və Səudiyyə Ərəbistanı ilə yanaşı, Azərbaycan da özünü sabit, çevik və etibarlı tərəfdaş kimi təqdim edir. Həmçinin münaqişədən sonrakı Suriya ilə əməkdaşlıq Azərbaycanın postkonflikt regionlarla işləmə təcrübəsini nümayiş etdirir. Bu təcrübə əvvəllər Qarabağda tətbiq edilmişdi, indi isə beynəlxalq müstəviyə çıxarılır. Bu mənada deyə bilərik ki, Bakı regionun energetik və nəqliyyat xəritəsində “kəsişmə nöqtəsi” rolunu oynamaq üçün strateji addımlar atır.
Tranzit potensialı
Suriya yalnız Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda bölgənin tranzit mərkəzi rolunu da oynaya bilər. Hazırda Suriyanı İordaniya ilə birləşdirən, lakin müharibə nəticəsində sıradan çıxmış qaz kəmərinin bərpası gündəmdədir. Bu kəmər bərpa olunduğu halda, Azərbaycan qazı Suriyadan keçməklə İordaniyaya, oradan isə Misirə qədər çatdırıla bilər. Bu isə Azərbaycanın enerji ixracını yalnız ticarət deyil, strateji planlama və regional enerji təhlükəsizliyinə töhfə müstəvisinə daşıyır.
Elektrik ixracında yeni üfüqlər
Qaz ixracı ilə yanaşı, Azərbaycanın elektrik enerjisi istehsalında da ciddi artım müşahidə olunur. Bu sahədə də ixrac potensialı sürətlə artır. Azərbaycan artıq Gürcüstan və Türkiyə üzərindən Avropaya elektrik enerjisi ixrac edir. İndi isə Yaxın Şərq ölkələri – o cümlədən Suriya, İordaniya və İraq – mümkün yeni bazarlar kimi ön plana çıxır. Bu, Azərbaycanın enerji təchizatçısı kimi rolunu yalnız təbii qazla deyil, çoxşaxəli enerji ixracı ilə də möhkəmləndirir.
Bakı enerji oyunçusu kimi yeni mərhələdə
Bu gün Suriyaya çatdırılan ilk Azərbaycan qazı enerji diplomatiyasının real uğuruna çevrildi. Bu hadisə bir neçə strateji hədəfə xidmət edir:
Azərbaycan qazı üçün yeni bazar – Yaxın Şərq açılır;
Azərbaycan Suriyanın yenidən qurulmasında tərəfdaş statusu qazanır;
Bakı Yaxın Şərqdə balanslı və çevik diplomatik xəttini enerji siyasəti ilə birləşdirir;
Azərbaycanın beynəlxalq enerji siyasəti təkqütblü deyil, çoxvektorlu və ağıllı şəkildə qurulur.
Artıq Azərbaycan sadəcə qaz istehsalçısı yox, regional enerji strategiyasını müəyyən edən və yönləndirən ölkə statusuna yüksəlir.