Vaşinqton danışıqları: İlham Əliyevin irəli sürdüyü “5 prinsip” regionda sülhün əsas hüquqi bazası sayılır
Reallıq budur ki, Azərbaycan bölgədə sülh təşəbbüslərinin əsas aparıcı qüvvəsidir
Prezident İlham Əliyevin Ağ Evə ilk rəsmi səfəri müasir Azərbaycan diplomatiyası və xarici siyasəti baxımından mühüm siyasi hadisə olmaqla yanaşı, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən strateji jest kimi qiymətləndirilə bilər. Bu səfər, təkcə iki ölkə arasında münasibətlərin simvolik göstəricisi deyil, həm də regionda yeni geosiyasi arxitekturanın formalaşmasında Azərbaycanın artan rolunun təsdiqidir. Donald Trampın birinci prezidentliyi dövründən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılıqlı hörmət və siyasi etimada əsaslanan münasibətlər formalaşıb. Tramp administrasiyası dövründə Ağ Evin Cənubi Qafqaza yanaşmasında Azərbaycanın xüsusi çəkisi daha aydın şəkildə hiss olunurdu. Bu, ilk növbədə Azərbaycanın regionun ən güclü dövləti olması, beynəlxalq hüququ bərpa edərək ərazi bütövlüyünü təmin etməsi və bununla qlobal təhlükəsizlik gündəminə töhfə verməsi ilə bağlı idi. Məhz həmin dövrdə Donald Tramp tərəfindən Prezident Əliyevə ünvanlanan məktublarda Azərbaycanın ABŞ üçün strateji tərəfdaş olduğu dəfələrlə vurğulanmış, ikitərəfli münasibətlərin inkişafında siyasi iradənin önəmi xüsusi qeyd olunmuşdu. Bu məktublarda ikitərəfli əməkdaşlıq, enerji təhlükəsizliyi, antiterror mübarizəsi və regional sabitlik sahələrindəki tərəfdaşlığın inkişafı əsas xətt kimi ön plana çıxırdı. Ölkə rəhbərinin ABŞ-yə səfəri, Trampın prezidentliyə qayıdışı fonunda Azərbaycan-ABŞ münasibətlərində uzunmüddətli gərginlikdən sonra yeni, strateji əməkdaşlıq mərhələsinin başlanğıcını ifadə edir. Qeyd edək ki, uzun illərdir ki, Azərbaycan-ABŞ münasibətləri gərgin və sönük xarakter daşıyırdı. Xüsusilə Co Baydenin prezidentliyi dövründə Vaşinqtonun Ermənistana açıq dəstəyi və Azərbaycana qarşı sərgilədiyi qərəzli siyasət əlaqələrin böhran səviyyəsinə çatmasına səbəb olmuşdu. Bu illər ərzində Ermənistan rəhbəri Nikol Paşinyan dəfələrlə ABŞ-yə səfər etsə də, Azərbaycan tərəfindən belə səfərlər müşahidə olunmurdu. Lakin Donald Trampın 2024-cü ilin noyabrında prezident seçilməsi ilə bu dinamika dəyişdi. Trampın şəxsi münasibətlərə önəm verməsi və Azərbaycan Prezidenti İlham Əliyevin vaxtilə onun seçilməsinə dair müsbət fikirlər səsləndirməsi iki lider arasında qarşılıqlı anlayış üçün zəmin yaratdı. İlham Əliyevin Vaşinqtona səfəri bu baxımdan yalnız diplomatik hadisə deyil, həm də münasibətlərin strateji müstəviyə keçidinin göstəricisidir. Görüşdə enerji əməkdaşlığı, kommunikasiya layihələri və regional təhlükəsizlik məsələlərinin gündəmdə olacağı gözlənilir. Bu səfər Cənubi Qafqazda sabitliyin bərqərar olunması və Azərbaycanın geosiyasi rolunun güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Siyasi şərhçi Fərid Şahbazlı Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Ekspertin sözlərinə görə, bu, bir faktdır ki, son illərdə dövlətlərarası əlaqələrlə yanaşı, iki ölkə arasında şəxsi etimada əsaslanan liderlər diplomatiyası formalaşıb:
"Prezidentlər arasında müxtəlif formatlarda davamlı təmaslar siyasi koordinasiyanın gücləndiyini göstərir. Bu səfər isə ikitərəfli əlaqələrin daha da dərinləşdiyinin göstəricisidir. Vaşinqton-Bakı xəttində strateji dialoqun inkişafı Azərbaycanın regiondakı rolunu nümayiş etdirir və daha da möhkəmləndirir. Səfər eyni zamanda Azərbaycan diplomatiyasının çevikliyini və prinsipial mövqeyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü “5 prinsip” regionda sülhün əsas hüquqi bazası sayılır. Bu prinsiplər Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatıdır. Vaşinqton danışıqları yalnız Ermənistanla münasibətləri deyil, həm də beynəlxalq hüququn üstünlüyünü əhatə edəcək. Prezidentin səfəri eyni zamanda regional gələcək üçün diplomatik konturların müəyyənləşdirilməsinə xidmət edir. Reallıq budur ki, Azərbaycan bölgədə sülh təşəbbüslərinin əsas aparıcı qüvvəsidir. Bu yanaşma hərbi deyil, hüquqi və diplomatik əsaslara söykənir. Bu baxımdan görüşün nəticələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirə bilər".
F.Şahbazlı əlavə edib ki, Prezident İlham Əliyevin bu görüşdə tutacağı prinspial mövqe və strateji yanaşma tərəfdaş ölkələr tərəfindən diqqətlə izlənilir:
"Görüş zamanı Azərbaycan tərəfi öz prioritetlərini və regional sabitlik vizyonunu açıq şəkildə ortaya qoyacaq. Vaşinqton görüşü çərçivəsində Azərbaycanla Ermənistan arasında sülhlə bağlı siyasi iradə ifadə edən bəyannamənin imzalanması ehtimalı da gündəmdədir. Belə bir sənədin qəbul olunması Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmininə ciddi töhfə verə bilər. Bu razılaşma həm də iki ölkə arasında diplomatik münasibətlərin bərpası istiqamətində mühüm addım kimi tarixə düşə bilər. Nəticə etibarilə, səfər Azərbaycan diplomatiyasının yeni strateji mərhələyə daxil olduğunu və ölkəmizin beynəlxalq münasibətlərdə artan çəkisini əyani şəkildə nümayiş etdirir".