Əsas aparıcı qüvvələr Azərbaycana dəstək verir

Tural İrfan: “Zəngəzur dəhlizi açılacaq, İran da faydasını anlayacaq”
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşma, Cənubi Qafqaz regionunun geosiyasi balansında yeni mərhələnin başlanğıcı ola bilər. Zəngəzur dəhlizi, Azərbaycan üçün tarixi və strateji əhəmiyyət daşıyan bir tranzit marşrutudur və bölgədə ticarət, nəqliyyat və enerji əlaqələrinin inkişafında önəmli rol oynayır. Bu dəhlizin açılması ilə Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən gərginliklərin yumşalması və əməkdaşlıq perspektivlərinin genişlənməsi mümkündür. Razılaşmanın əldə olunması yalnız iki ölkə arasında deyil, həm də regiondakı əsas güc mərkəzləri – Rusiya, İran üçün mühüm siqnal olacaq. ABŞ-nin nüfuzlu “Axios” nəşrinin yaydığı məlumata əsasən, Ermənistan bu marşrutun açılmasına və Amerikanın nəzarətinə verilməsinə imzasını atıb. Üstəlik, 43,5 kilometrlik yolun “Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu” adlandırılması, rəsmi İrəvanın Qərblə münasibətlərində siyasi simvolizmə üstünlük verdiyini göstərir. Bəzi dairələrdə bu adın Azərbaycanın milli maraqlarına zidd olduğu yönündə səthi yanaşmalar səslənsə də, əslində, “Tramp Yolu” ifadəsi sırf diplomatik və beynəlxalq simvolikadır. Yəni adın diplomatik xarakter daşımasına baxmayaraq, layihənin mahiyyəti dəyişmir: bu, Zəngəzur dəhlizi olaraq qalır və Azərbaycan üçün tarixi, iqtisadi və strateji əhəmiyyətini qoruyur. Lakin regionun əsas aktorlarından biri olan İranın bu prosesə münasibəti diqqət mərkəzindədir. Tehran dəfələrlə bəyan edib ki, dəhlizin yaradılması ölkənin regional maraqlarına ziddir və “sərhədlərin dəyişdirilməsi” cəhdlərinə qarşıdır. Bu mövqe, əslində, İran daxilindəki müxtəlif siyasi və ideoloji qrupların yanaşmalarının fərqli olmasından qaynaqlanır. Prezident Məsud Pezeşkianın təmkinli açıqlamaları fonunda, SEPAH-a yaxın dairələr və dini nüfuz sahibləri sərt ritorikanı davam etdirirlər. Siyasi ekspertlər isə hesab edir ki, İran praqmatik mövqeyə üstünlük verərsə, dəhlizdən iqtisadi və tranzit imkanları baxımından fayda qazana bilər. Əks halda, bölgədə yeni nəqliyyat şəbəkəsinin kənarında qalaraq, həm iqtisadi, həm də geosiyasi təsirini zəiflədə bilər.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a ə açıqlamasında bildirib ki, Azərbaycan öz səmərəli və prinsipial siyasəti ilə Ermənistanı sülhə məcbur edib, Zəngəzur dəhlizinin açılmasına da nail olmaqdadır: 
“İranın daxilində qatı mühafizəkar mollalar şurası buna etiraz etsə də, Prezident Məsud Pezeşkian Zəngəzur dəhlizinin əleyhinə deyil. İranın süni maneələr yaratma cəhdləri əsassız olduğu üçün ciddi qəbul edilmir artıq. İranın özünün də əslində Zəngəzur dəhlizinin yaradacağı şanslardan istifadə etməyə ehtiyacı var. Görünür, Prezident Pezeşkian bunu dərk edir. Odur ki, İranda bu məsələ ilə bağlı münasibətləri birmənalı hesab etmək olmaz. Son nəticə də ondan ibarətdir ki, əsas aparıcı qüvvələr də Azərbaycana dəstək verdi. Azərbaycan İrana qarşı dost mövqeyi sərgiləyir. İran da zaman keçdikcə bu dəhlizin onun ziyanına olmadığını anlayacaq. İki qonşu barışırsa, hətta ABŞ, digər Avropa ölkələri, müsəlman ölkələri də buna dəstək verirsə, Zəngəzur dəhlizinin də açılması Ermənistan tərəfindən qəbul edilirsə, İranın buna etirazı və müdaxiləsi yalnız özünün ziyanına olacaq. Məsud Pezeşkian sülh və dostluqda maraqlıdır, radikal mühafizəkar dairələr isə düşmənçilik və hegemonluq iddiasındadır. Lakin son nəticədə islahatçıları dəstəkləyən xalqın mövqeyinə təslim olacaqlar, dəhliz açılacaq”.