Asif Nərimanlı: "Prezidentin ŞƏT-də Zəngəzur dəhlizi ifadəsini işlətməsinin hədəfləri də var"

"Tramp yolu" yox, Zəngəzur dəhlizi daha doğrudur


Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Avrasiyanın nəqliyyat şəbəkəsi üçün əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək. Sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Ölkə rəhbərinin "Zəngəzur dəhlizi" ifadəsi Ermənistan Baş naziri Nikol Paşinyanın xoşuna gəlməyib. Erməni baş nazir deyib ki, guya Azərbaycan Prezidentinin işlətdiyi ritorika Vaşinqtonda əldə olunan razılaşmaların məntiqinə uyğun deyil. O, ABŞ-də əldə olunan razılaşmanın dəhlizi "Trampın Sülh və Rifah Marşrutu" adlandırıldığını və bu addan istifadə edilməsinin konstruktiv atmosferə töhfə verəcəyini bildirib.

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Vaşinqton razılaşmasında dəhliz "Tramp yolu" (TRİPP) adlandırılsa da, bu, mahiyyət etibarilə rəsmi Bakının beynəlxalq leksikona daxil etdiyi Zəngəzur dəhlizidir. Ekspertin sözlərinə görə, Prezident də məhz bu leksikondan çıxış edir:
 "Azərbaycan Prezidentinin ŞƏT-də Zəngəzur dəhlizi ifadəsini işlətməsinin hədəfləri də var. Çində “Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək” layihəsinin Vaşinqton razılaşmasına əsasən TRİPP adlandırılması diplomatik diletantlıq olardı. Çünki TRİPP ABŞ-nin "Bir kəmər, bir yol" layihəsinin önündə güclənməsi deməkdir və bu, Pekinin Orta dəhlizə diqqətini azalda bilər. Azərbaycan bu perspektivin qarşısını almaq niyyətindədir. Dövlət başçısının Zəngəzur dəhlizi ifadəsi, bunun Orta dəhliz, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin seqmenti olduğunu vurğulaması Pekinə və ŞƏT üzvlərinə ünvanlanmış mesajdır". 

A.Nərimanlıya görə, razılaşma Vaşinqtonda olsa da, yola ABŞ nəzarət etsə də, bu, Bakının təşəbbüskarı olduğu Zəngəzur dəhlizidir:
 "Azərbaycan bu nəqliyyat seqmentində Çinlə, eləcə də Şimal-Cənub dəhlizində yer alan ŞƏT üzvləri ilə əməkdaşlığa hazırdır". Erməni baş nazirin Azərbaycan Prezidentinə “düzəliş” etmək cəhdi daxili siyasətdə “əlini gücləndirmək” məqsədi daşıyır. Yəni Paşinyan cavab verməsəydi, müxalifət "Zəngəzur dəhlizi" ifadəsinə görə onu ittiham edəcəkdi. Nikol cavab verdi, əvəzində isə Pekinin marağını itirmək riski ilə üzləşdi. Paşinyanın bunu anladığını demək çətindir, əks təqdirdə, Çində ABŞ razılaşmasına xüsusi diqqət çəkməzdi".