Yapon mətbuatında yayımlanan analizə görə, ABŞ TRIPP adlı yeni ticarət dəhlizi və türk dövlətləri ilə güclənən ittifaq vasitəsilə Rusiya-Çin-İran üçbucağına qarşı Orta Asiyada tarixi bir geri dönüş edir. Analizdə Türkiyənin Yaxın Şərq və Asiyada yüksələn roluna geniş yer verilib.
Sherg.az xəbər verir ki, Yaponiya mərkəzli "Nikkei Asia" xəbər saytında dərc olunan son analizdə ABŞ-nin türk dövlətləri ilə qurduğu ittifaq və “TRIPP” adlanan yeni ticarət dəhlizi vasitəsilə Rusiya, Çin və İranın yaratdığı sıxmanı qırmağı hədəflədiyi irəli sürülüb.
Strateji düşüncə mərkəzlərindən Orta Asiya-Qafqaz İnstitutunun Araşdırmalar Direktoru Svante Cornell və ABŞ Hərbi Dəniz Akademiyasının müəllimi Brenda Shaffer tərəfindən qələmə alınan analizə görə, Vaşinqton iyirmi illik laqeydlikdən sonra bölgəyə “tarixi dönüş” edir.
Analizdə Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında 40 illik qarşıdurmanı bitirən sülh bəyannaməsinə vasitəçilik etməsinin strateji dönüş nöqtəsi olduğu vurğulanır.
Razılaşmanın ən kritik hissəsi ABŞ şirkətləri tərəfindən idarə ediləcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) olub. 2026-cı ildə fəaliyyətə başlaması gözlənilən bu marşrut dəmir yolu və avtomobil yolu bağlantıları ilə Qara dənizdən Çin sərhədinədək uzanan tranzit xətti formalaşdıracaq.
Analizə görə, ABŞ-nin bölgəyə dönüşünü asanlaşdıran ən mühüm amil türk təsirinin artması və türk dövlətləri arasındakı ittifaqın güclənməsidir. Türkiyənin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla qurduğu bu blok, bölgədə uzun müddətdir davam edən Rusiya və Çin dominantlığına qarşı ilk dəfə real bir tarazlıq yaradır.
Xəbərə görə, Tramp administrasiyası Türkiyənin Yaxın Şərqdə dominant bir aktora çevrildiyini anlayıb. Ankaranın rolu geniş Orta Asiyada da nəzərəçarpacaq dərəcədə artır.
Analizdə həmçinin belə deyilir:
“ABŞ-nin geniş Orta Asiyada atdığı son addımlar türk və Amerika təsirinin yüksəldiyi, İran və Rusiyanın nüfuzunun isə zəiflədiyi daha geniş mənzərənin tərkib hissəsidir.”
Analizə görə, İranın bölgədə nüfuz itirməsi də tarazlığı dəyişən digər amil kimi önə çıxır. “İsrail ilə yaşanan "12 Günlük Müharibə"dən sonra təhlükəsizlik məsələsində Tehrana güvənə bilməyəcəyini anlayan Ermənistanın Baş naziri Nikol Paşinyan, üzünü ABŞ-yə çevirərək Azərbaycan və Türkiyə ilə əməkdaşlığı seçdi”, - deyə vurğulanır.