Ankara tarixin doğru tərəfindədir - RƏY

Türkiyə olmasaydı, bu proses mümkün olmazdı 

Türkiyənin bölgədə artan rolu həm terror təhdidlərinin neytrallaşdırılmasına, həm də Suriya türkmənlərinin təhlükəsizliyinə töhfə verəcək

“Türkiyə diplomatiyası Suriyada tarixin doğru tərəfində dayandı və bu prosesdən alnıaçıq çıxdı”. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. Nazir qeyd edib ki, son 15 ildə Türkiyə Suriyada tarixin ən çətin sınaqlarından birindən keçib: “Bunun siyasi-iqtisadi bədəlini ödədik, amma insanlıq ləyaqətindən güzəştə getmədik. Bu müddətdə bizi tək qoydular, bir çox ölkə terror təşkilatları ilə taktiki əməkdaşlıqlar etdi. Amma biz öz istiqamətimizdən yayınmadıq”.

Hakimiyyət dəyişikliyinin Suriya xalqı üçün yeni bir ümid səhifəsinin açıldığı bir dönüş nöqtəsi olduğunu vurğulayan Hakan Fidan sözlərini belə davam etdirib: “Amma Suriyada işimiz indi yeni başlayır. İnanırıq ki, xarici müdaxilələrdən azad, sabit bir Suriya regionumuz üçün böyük bir əlavə dəyər olacaq. Türkiyə bu prosesdə dost və qardaş Suriya xalqının yanında qətiyyətlə dayanmağa davam edəcək”.

Hakan Fidanın Suriyaya dair açıqlamalarını şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, bütün bu proseslər Türkiyənin uzun illər apardığı prinsipial siyasətin nəticəsidir. Onun sözlərinə görə, 2024-cü ilin sonlarında Suriyada antixalq mahiyyətli Bəşər Əsəd rejiminin devrilməsi ilk növbədə Suriya xalqı üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir: "Əsəd iqtidarı xalqın iradəsini zorlayan, yalnız dar bir qrupun maraqlarına xidmət edən hakimiyyət idi. Bu baxımdan rejimin süqutunu xalqın qələbəsi saymaq olar. Lakin təcrübə göstərir ki, bu cür rejimlərin dağılmasından sonra ölkələr dərhal rifaha keçmir. Şübhəsiz ki, Suriya da qarşıdakı bir neçə il ərzində ciddi daxili sınaqlarla üz-üzə qalacaq.

Suriyada keçid hökumətinin qurulması və müvəqqəti Prezident Əhməd Əş-Şaranın rəhbərliyi altında yeni siyasi mərhələnin elan edilməsi beynəlxalq aləmdə də ehtiyatlı optimizm yaradıb. Dünya dövlətləri Suriyanı tədricən qəbul etməyə başlayır, diplomatik əlaqələr qurulur, sanksiyaların qismən yumşaldılması gündəmə gəlir. Bununla belə, demokratik standartlara uyğun seçkilərin yaxın zamanda keçirilməsini gözləmək real deyil. Seçkilər qaçılmazdır, amma onların nə dərəcədə inklüziv və sabitlik yaradacağı zamanla bəlli olacaq”.

Politoloq hesab edir ki, bu prosesdə Türkiyənin rolu həlledici və strateji xarakter daşıyır: “Türkiyə uzun illər Suriyada böyük siyasi, iqtisadi və təhlükəsizlik bədəli ödəsə də, öz xəttindən geri çəkilmədi. Bu gün Hakan Fidanın da qeyd etdiyi kimi, Ankara tarixin doğru tərəfində dayandı. Əsəd rejiminin devrilməsində Türkiyəyə yaxın qruplaşmaların mühüm rolu olub və bu, Ankaraya proseslərə təsir imkanları qazandırır”.

A.Səmədov ABŞ-nin Suriyanın şimalında kürd dövləti yaratmaq cəhdlərinə də diqqət çəkib: “ABŞ-nin bu istiqamətdə planları əvvəldən məlumdur və ayrı-ayrı kürd qruplarına dəstək siyasəti davam edə bilər. Lakin mövcud reallıqlar fonunda belə bir ssenarinin reallaşmasına Türkiyə imkan verməyəcək. Çünki Ankara üçün Suriyanın ərazi bütövlüyü birbaşa milli təhlükəsizlik məsələsidir. Suriya BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində qalacaq və Türkiyənin bölgədə artan rolu həm terror təhdidlərinin neytrallaşdırılmasına, həm də Suriya türkmənlərinin təhlükəsizliyinə töhfə verəcək. Ankara müxtəlif ssenarilər üzrə planlar hazırlayan böyük dövlətdir. Nəticə etibarilə Türkiyə öz sərhədləri boyunca onu narahat etməyən, sabit və xarici müdaxilələrdən azad Suriya dövləti görmək istəyir”.

Politoloq əlavə edib ki, uzunmüddətli sabitlik üçün beynəlxalq dəstək, sanksiyaların aradan qaldırılması və daxili islahatlar əsas şərtdir: “Əgər bu şərtlər təmin olunarsa, Suriya regionda yeni tarazlığın formalaşmasına töhfə verə bilər. Amma prosesin əsas dinamikasını Türkiyənin maraqlarının necə təmin olunacağı müəyyən edəcək”.