Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dövlət başçısı müsahibəsində deyib ki, Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək ümumiyyətlə, nəzərdə tutulmur:
"Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. Mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir".
Mövzu ilə bağlı edilən paylaşımlara sosial şəbəkə istifadəçiləri müxtəlif reaksiyalar verib.
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, Azərbaycan dövlət olaraq Fələstinin ərazi bütövlüyünü tanıyır:
"Prezident İlham Əliyev beynəlxalq platformalarda dəfələrlə "iki dövlətli həll" modelini, yəni Fələstinin 1967-ci il sərhədləri daxilində tanınması məsələsini dəstələkdiyini bəyan edib. Hazırda Azərbaycanda həm Fələstinin, həm də İsrailin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Qeyd edim ki, Rəsmi Bakı Fələstinə humanitar yardımı da heç vaxt əsirgəməyib. Azərbaycanın Yaxın Şərqdə, beynəlxalq platformalarda nüfuzu nə qədər imkan veribsə, o qədər də bu məsələlərdə iştirak edib. Türkiyə isə dünyanın ən böyük 20 ölkəsindən biridir. Ona görə də Türkiyənin bu məsələlərdə atdığı addımlar, görəcəyi işlər Azərbaycandan bir qədər fərqlidir. Azərbaycan Türkiyəyə atacağı addımlarda yardımçı ola bilər. Türkiyənin bölgədə çəkisinə görə öz fəaliyyəti var, Azərbaycanın çəkisinə görə öz fəaliyyəti var. İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Qəzza zolağına sabitləşdirici qüvvə kimi gəlməsinə birmənalı şəkildə qarşıdır. Donald Tramp isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ən yaxın dostu hesab edir. Perspektivdə bu məsələlərdə razılaşmalar olarsa, Azərbaycan da gələcəkdə bu məsələyə qayıda bilər. Ancaq indiki şərait hələ ki, Azərbaycan dövlət başçısına bu açıqlamanı verməyə əsas verir".