Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından sonra İran xalqının ehtiyaclarının təmin olunması məqsədilə 3-cü dəfə humanitar yardım göndərilib. Ötən gün yola çıxan 10 avtomibillik yadım karvanı artıq Astara dövlət sərhədinin buraxılış məntəqəsindən keçib. Humanitar yükə, ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Yardım karvanı yola salındıqdan sonra İran Prezidenti Məsud Pezeşkian "X" hesabında Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu isə Azərbaycanın ölkəsinə humanitar yardım göstərən ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə hələ də davam edir. Münaqişə nəticəsində həyatını itirənlərin sayı 1 973 nəfəri keçib. Artıq Cənubi Azərbaycan şəhərləri də intensiv olaraq hücumlara məruz qalır. Ölənlər arasında canı canımızdan olan azərbaycanlı soydaşlarımız da var.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Sherg.az-a bildirib ki, Azərbaycan Respublikası mahiyyət etibarilə humanizm prinsiplərinə əsaslanan dövlətdir:

“Dövlətimizin başçısı xarici siyasətdə bu prinsipləri əsas prioritet kimi müəyyənləşdirib. Azərbaycan İranla münasibətlərdə hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq qalıb. Naxçıvanın hava limanı və məktəbi dron hücumlarının hədəfinə çevrilsə də, Azərbaycan humanitar yardımlarını davam etdirir. Hücuma məruz qalmamışdan əvvəl də bu siyasətə sadiq idik. Yadınızdadırsa, İranın ali lideri Əli Xamneinin ölüm xəbəri gəldikdən sonra Prezident İlham Əliyev birbaşa ölkəmizdəki İran səfirliyinə gedib, matəm kitabına ürək sözlərini yazmışdı. Heç bir ölkə lideri bu jesti etməmişdi”.
Deputatın sözlərinə görə İrana üçüncü dəfə göstərdiyimiz humanitar yardım, humanizm prinsiplərinə hörmətimiz və qonşularla mehriban münasibətlərimizi qorumağımızın nümunəsidir:
“İran Prezidenti dövlətimizin başçısı ilə telefon danışığı zamanı göstərilən humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib. Azərbaycan dövləti müharibə dövründə ehtiyacı olan insanların tələbatının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməyə çalışır. Azərbaycan çətin məqamlarda atdığı addımlarla xarici siyasətdə unudulmaz izlər buraxır. Hesab edirəm ki, gələcək perspektivdə İranı idarə edəcək liderlər də kritik dövrlərdə Azərbaycanın İrana qarşı atdığı humanist addımları nəzərə alacaqlar”.