Azərbaycan Macarıstan üçün daha çox önəmlidir -EKSPERT
Nəticə etibarilə, bu münasibətlər strateji tərəfdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi sütunlar üzərində möhkəmlənməsinə şərait yaradır
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfər edib. Prezidenti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar. Daha sonra Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub. Görüşün ardından liderlər mətbuata bəyanatla çıxış ediblər. Viktor Orban deyib ki, Budapeştdə Macarıstanın köhnə dostunu görürlər: “Siyasi sahədə, enerji məsələsində nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyevi yanımızda görmüşük”. Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, biz dost və tərəfdaş ölkələr kimi fəaliyyət göstəririk. Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının qeyri-formal sammitinin keçirilməsi təşəbbüsünün müəllifi Azərbaycan olub: "Bu dəfə estafeti Macarıstan qəbul edir". Prezident İlham Əliyev söyləyib ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir: "Biz dost ölkələrik, strateji tərəfdaşıq". Dövlət başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib: "Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”. Ölkə rəhbəri qeyd edib ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir: "Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq". Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə də danışıb: "İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib". Qeyd edək ki, Avropanın mərkəzində yerləşən, zəngin tarixi və milli kimliyi ilə seçilən Macarıstan bu gün Azərbaycanın etibarlı tərəfdaşı, səmimi dostu və strateji müttəfiqinə çevrilib. Qarabağ həqiqətlərinin Avropada tanıdılmasında açıq və prinsipial mövqe tutan Budapeşt, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə mühüm diplomatik jestlər nümayiş etdirib. İndi bu siyasi həmrəylik dövlət başçılarının yüksək səviyyəli görüşləri fonunda yeni mərhələyə qədəm qoymaqdadır. Prezident İlham Əliyevin Macarıstana səfərə getməsi təkcə protokol səviyyəsində bir ziyarət deyil, həm də Azərbaycan-Macarıstan münasibətlərinin gələcək konturlarını müəyyənləşdirən strateji aktdır. Yeni sənədlərin imzalanması, əməkdaşlıq platformalarının genişləndirilməsi və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi mühüm nəticələr vəd edir.
İqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a deyib ki, hər iki ölkənin müasir qlobal geosiyasətdə baş verənlər fonunda bir-birinə ehtiyacı var. Ekspert vurğulayıb ki, hər bir ölkə digər ölkə üçün önəmlidir:
"Macarıstanın Azərbaycan üçün önəmli olmasından daha çox, Azərbaycan Macarıstan üçün önəmlidir. Hazırkı vəziyyətdə Rusiyadan enerji asılılığında ən çox olan ölkələrdən biri Macarıstandır. Azərbaycan isə məhz Avropanın enerji tərkibində oynadığı rol baxımından Macarıstanın olduğu coğrafiya üzrə daha böyük xüsusi çəkiyə malikdir. Perspektivdə isə Macarıstan Azərbaycandan neft və qazdan başqa həm də alternativ enerji mənbələri hesabına təmin oluna bilər. Müvafiq sahə üzrə memorandum imzalanmış dörd ölkədən biri məhz Macarıstandır. Həmçinin Şahdəniz yatağı Macarıstanın ən etibarlı investisiya obyektidir. Ümumiyyətlə, Macarıstanın investisiyası əsasən Azərbaycanın neft-qaz sektoruna yönəlib. Bu, Macarıstanın Azərbaycana olan iqtisadi inamını və marağını açıq şəkildə göstərir.
Bütün bunlardan başqa da, ölkələr arasında olan ticarət dövriyyəsinə baxdıqda yenə də Macarıstanın xeyrinə olan bir vəziyyət görünür. 2023-cü ildə Azərbaycan və Macarıstan arasında 48,4 milyon dollarlıq bir ticarət dövriyyəsi olub. Bu dövriyyənin təxminən 43 milyon dolları Macarıstandan Azərbaycana ixrac olunan malların payına düşüb. 2024-cü ildə isə ticarət dövriyyəsi 62,3 milyon dollara çatıb. Bunun da 54,8 milyon dolları Macarıstanın bizə satdığı məhsullardan ibarət olub. Azərbaycan isə Macarıstana 7,5 milyon dollarlıq məhsul satıb".
E.Əmirov vurğulayıb ki, ticarət dövriyyəsinin 88 faizi Macarıstanın bizə etdiyi ixracdan, yəni bizim idxalımızdan ibarətdir:
"Başqa sözlə, ticarət dövriyyəmizin 76 faizi Macarıstanın müsbət saldosudur. Bütün bunlara görə, Azərbaycan Macarıstan üçün həm siyasi, həm də iqtisadi baxımdan eyni dərəcədə vacib olsa da, Macarıstan Azərbaycan üçün iqtisadidən daha çox siyasi baxımdan strateji tərəfdaşdır. Lakin cənab Prezidentin Macarıstana səfəri və bu qəbildən olan iki ölkə arasındakı digər yüksək səviyyəli görüşlər Macarıstanın Azərbaycan üçün gələcəkdə iqtisadi baxımdan da daha önəmli tərəfdaşa çevrilməsi üçün mühüm zəmin yaradır. Bu cür qarşılıqlı səfərlər və əməkdaşlıq formatları, xüsusilə enerji, alternativ enerji, ticarət və investisiya sahələrində əlaqələrin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə, bu münasibətlər strateji tərəfdaşlığın təkcə siyasi deyil, həm də iqtisadi sütunlar üzərində möhkəmlənməsinə şərait yaradır".