Bakı-Moskva münasibətlərində buzlar hələ tam əriməyib -Politoloq

 Xüsusilə Azərbaycanın Rusiyaya qarşı etimadının qısa müddətdə bərpa olunması real görünmür

Prezident İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından bildirilib ki, dövlət başçısı iş qrafikinin sıxlığına görə iştirak edə bilməyib. Xatırladılıb ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin sıx qrafik səbəbindən Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etməməsini anlayışla qarşılayır: "Biz bunu tam anlayışla qarşılayırıq. Həqiqətən də dövlət başçılarının çox sıx qrafiki var, xüsusilə dekabr ayında, Yeni il ərəfəsində". Peskov əlavə edib ki, buna baxmayaraq, Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edirlər: "Biz Azərbaycanla konstruktiv əməkdaşlıq və tərəfdaşlıq münasibətlərimizi inkişaf etdirməyə davam edirik. Azərbaycan da təşkilatın bütün formatlarında iştirakını davam etdirir".

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, rəsmi qaydada verilən məlumatlar və irəli sürülən arqumentlər kifayət qədər məntiqli və əsaslandırılmışdır. Ekspertin sözlərinə görə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə, Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilən iclasında iştirak etməyib. Eyni zamanda dövlət başçısı MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə isə iş qrafikinin sıxlığı səbəbindən qatıla bilməyib:

"Azərbaycan, prinsip etibarilə üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir. Lakin bu da faktdır ki, MDB bir təşkilat olaraq daha çox formal xarakter daşıyır. Yəni təşkilat çərçivəsində keçirilən görüşlər ciddi və konkret nəticələrlə yadda qalmır. Prinsipcə, Azərbaycan üzv dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına daha çox önəm verir. Bütün bunlara baxmayaraq, Bakı-Moskva münasibətlərində buzlar hələ tam əriməyib. Xüsusilə Azərbaycanın Rusiyaya qarşı etimadının qısa müddətdə bərpa olunması real görünmür. Doğrudur, Prezident İlham Əliyev bu il 9-10 oktyabr tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Həmin iclas çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatda keçirilən görüşlər səmərəli olub. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin görüş zamanı AZAL-ın təyyarə qəzasına dair "Rusiya tərəfindən kompensasiya ilə bağlı lazımi zəruri addımlar atılacaq və bütün məsuliyyət daşıyan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək" bəyanatı diqqət çəkmişdi. Təəssüf ki, vurğulanan vədlərə baxmayaraq, Moskva nə kompensasiya məsələsini həll etdi, nə də məsuliyyət daşıyan şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi".