Baş nazir: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk

Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk, Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur.

Sherg.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Baş nazir bildirib ki, Azərbaycan Türkmənistanın BMT tərəfindən rəsmi şəkildə tanınan və dəstəklənən daimi neytrallıq siyasətini yüksək qiymətləndirir və dərin hörmətlə yanaşır: "Türkmənistan bu kursu həyata keçirdiyi 30 il ərzində inamlı şəkildə sübut rdib ki, neytrallıq yalnız xarici siyasət mövqeyi deyil, həm də sülhə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verən dəyişdirici bir qüvvə ola bilər. Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləyib və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulub. Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk. Azərbaycan Respublikası Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir və Universitetin işində fəal iştirak etməyə hazırlığını ifadə edir. Cari ilin iyun ayında Bakıda Türkmənistanın daimi neytrallığının 30 illiyinə və eyni zamanda “Beynəlxalq sülh və etimad ili”nə həsr olunmuş “Azərbaycan–Türkmənistan” beynəlxalq elmi-praktiki simpoziumu keçiriib”.

Əli Əsədov qeyd edib ki, Azərbaycan və Türkmənistan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvləridir: “Hər iki dövlət Hərəkatın əsas prinsiplərinə sadiqliyini ardıcıl olaraq nümayiş etdirir, üzv ölkələr arasında konstruktiv dialoqun, qarşılıqlı anlaşmanın və həmrəyliyin təşviqində mühüm rol oynayır”.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcuddur:

“İkitərəfli münasibətlərimiz son illərdə dinamik inkişaf yolu keçib. Bu ilin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviçin Azərbaycana səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafına misilsiz töhfə verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də cari ildə Türkmənistana işgüzar səfər edib və Azərbaycanın, Türkmənistanın və Özbəkistanın iştirakı ilə üçtərəfli yüksək səviyyəli görüşdə iştirak edib. Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq iqtisadi, nəqliyyat və energetika daxil olmaqla geniş sahələri əhatə edir. Şübhəsiz ki, Xəzər dənizi dövlətlərimizi birləşdirən və ölkələrimizin iqtisadi həyatında mühüm rol oynayan amildir. Xəzərin sülh, rifah, sabitlik və təhlükəsizlik zonası kimi qorunub saxlanılması ticarət-iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə, biznes və turizmin inkişafı üçün zəruri şəraitin yaradılmasına imkan yaradır. Xəzər dənizi üzərindən keçən vacib nəqliyyat arteriyaları region ölkələrinin maraqlarını əhatə edir və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır”.

Hökumət başçısı qeyd edib ki, cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Sammiti çərçivəsində təməli qoyulan Füzuli məscidinin inşası təşəbbüsünə görə azad olunmuş Füzuli şəhərinin sakinləri bir müddət əvvəl Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova minnətdarlıq məktubu ünvanlayıblar.

“Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər həqiqətən unikal xarakter daşıyır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə Azərbaycanın tamhüquqlu iştirakçı qismində qəbul edilməsi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bizi çoxəsrlik ortaq tarix, mənəvi-mədəni irs, qardaşlıq, dostluq və həmrəylik birləşdirir”, - deyə Baş nazir vurğulayıb.