“Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaq”

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı regionda sülhün əldə olunması üçün Türkiyədən bir neçə müsbət siqnalın alındığını deyib. 
 
“Mən demək istəyirəm ki, biz Türkiyədən bir neçə pozitiv siqnal almışıq. Biz bu siqnalları qiymətləndiririk. Biz müsbət siqnallara müsbət cavab veririk” – deyə o bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş nazirin sözügedən açıqlamasını “Sherg.az”a şərh etdi:

“Paşinyan Türkiyədən aldığı hansı müsbət siqnalları nəzərdə tutur? Bunun üçün Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Ermənistanla bağlı il başlayandan bəri verdiyi açıqlamalara diqqət yetirmək lazımdır. Dövlət başçısı bu ilin dekabrında demişdi ki, əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər. Ərdoğan  sonra- iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bir daha toxunub: “Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq”.

E. Şahinoğlunun fikrincə, dikbaşlığın “daşını atmaq” düşmən üçün ən ideal yoldur:

“Beləliklə, Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib. Ərdoğan aylardır cavab gözləyir. Elə Azərbaycan da Ermənistana göndərdiyi siqnallara Paşinyandan cavab gözləyir. Ancaq Paşinyan gözləmə mövqeyindədir, açıqlamaları “qonşularla barış”, “regional əməkdaşlıq”, “kommunikasiya xətlərinin açılması”yla əlaqəli olsa da, hələ heç bir addım atmayıb. Atılmalı olan ilk iki addım bəllidir. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunikasiya xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaq. Rəcəb Təyyub Ərdoğanın “Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq” cümləsinin mənası da budur”.