Çavuşoğlu tamamilə haqlı və düzgün danışır

Görüşlər ya Türkiyənin, ya da Ermənistanın ərazisində keçirilməlidir
Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməyə məhkumdur
   Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında üçüncü görüş Avstriyanın paytaxtı Vyanada olacaq. Bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. XİN başçısı İrəvan-Ankara arasında növbəti təmasın Türkiyə və ya Ermənistanda keçirilməməsinə etirazını bildirib. Nazir deyib ki, əgər tərəflər qarşılıqlı etimad mühitinin yaradılmasını istəyirsə, o zaman üçüncü, vasitəçi ölkəyə ehtiyac duymamalıdırlar: “Təzyiq altında ola bilərsiniz. Bu, asan proses deyil. 
Lakin artıq üçüncü ölkədə görüşməyə ehtiyac varmı? Bir tərəfdən sərhədlər açılsın deyirsiniz, digər tərəfdən isə görüşlərin Türkiyə və Ermənistanda keçirilməsinə cəsarət etmirsiniz”. Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında sonuncu görüş fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutub. 
Siyasi şərhçi Azər Niftiyev “Şərq”ə açıqlamasında deyib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməyə məhkumdur. Analitikin fikrincə, Azərbaycan və Türkiyə ilə gərgin münasibətlər Ermənistana çox ağır zərbələr vurub. Məhz buna görə də, Ermənistan bütün regional iqtisadi layihələrdən kənarda qalıb: 
“Enerji tranziti ölkəsi kimi Ermənistanın neft və qaz kəmərlərinin öz ərazisindən keçməsinə görə ciddi gəlirlər əldə etmək imkanı var idi. Ancaq ermənilər işğalı üstün tutdular və bütün bu layihələrdən kənarda qaldılar. Ermənistanın siyasi rəhbərliyi sosial problemlər səbəbindən mühacirət edən vətəndaşlarını “qalib ölkə” təbliğatı ilə sakitləşdirməyə çalışırdı. Azərbaycan isə təmkinli və praqmatik siyasət yürütməklə, iqtisadi və hərbi qüdrətini artırmaqla gələcək qələbə üçün zəmin hazırlayırdı. Müharibə öncəsi Prezident İlham Əliyevin xoşluqla torpaqlarımızı tərk etmək tələbini də qulaqardına vurdular. Nəticədə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandıq. Bu gün isə Ermənistan artıq məğlubdur. İşğal etdiyi ərazilərdən qovulub və paralel olaraq dərin iqtisadi tənəzzül keçirir”.
A.Niftiyevin sözlərinə görə, Ermənistan rəhbərliyinin imkanı var ki, gec də olsa, öz səhvlərindən nəticə çıxarsın:
 “Bu gün diktə edən tərəf Azərbaycandır. Onun ən yaxın müttəfiqi isə Türkiyədir. Ermənistanın belə bir imkanı yoxdur. Düzdür, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının və Türkiyə ilə münasibətlərin bərpasının vacibliyini bəyan edir. Bu, normal yanaşmadır.
 Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpasına yönəlik cəhdlər də müsbətdir. Hətta bu məqsədlə Moskvada bir görüş də keçirilib. Yaxınlarda isə Vyanada növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu tamamilə haqlı və düzgün vurğulayır ki, görüşlər ya Türkiyənin, ya da Ermənistanın ərazisində keçirilməlidir. 
Əgər ortada ciddi siyasi iradə varsa, bu, belə də olmalıdır. Lakin bir məsələ də var ki, Ermənistan rupor dövlət olmağa öyrəşib və bu şakərindən xilas ola bilmir”.