D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılması çox dəyərli bir təşəbbüsdür.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu D-8 təşkilatının Baş katibi Sohail Mahmud IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "D-8 Media Mükəmməlliyi Mərkəzinin Strateji Çərçivəsinin Təqdimatı" adlı tədbirdə deyib.
O bildirib ki, üzv dövlətlərlə praktiki əməkdaşlıq imkanları, informasiya, enerji sahəsində əməkdaşlıq güclənəcək.
"Bu, innovasiya, kommunikasiya təşəbbüslərinə böyük töhfə verəcək. Bu gün geosiyasi hadisələr texnoloji inkişafa öz təsirini göstərir. Rəqəmsal transformasiya, dezinformasiya ən ciddi çağırışlardandır. Mənfi təsirlərin qarşısını almaq üçün güclü beynəlxalq əməkdaşlıq olmalıdır. Qlobal əməkdaşlıq, çoxtərəflilik aktualdır", - o vurğulayıb.
O, aktiv liderliyinə, səxavətli qonaqpərvərliyinə və D-8 platformasına dəstəyinə görə Azərbaycana təşəkkür edib: "D-8 Media Mükəmməllik Mərkəzinin qısa zamanda fəaliyyətə başlayacağına ümid edirik. Mərkəz media sahəsində təlimlərin təşkili, tədqiqatların aparılması, statistik məlumatların toplanması, yeni texnologiyaların tətbiqi və milli media institutlarının potensialının gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Mərkəz milli media qurumları, ictimai yayımçılar, beyin mərkəzləri və özəl media təşkilatları ilə sıx əməkdaşlıq edərək nəticəyönümlü fəaliyyət göstərəcək".