Çox mühüm tarixi hadisə baş verir
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü klassik mənada rəsmi təşkilat deyil. Adından da məlum olduğu kimi, daha çox region ölkələrinin liderləri arasında yaradılmış siyasi dialoq platformasıdır. Məsələn, bu platforma Türk Dövlətləri Təşkilatında (TDT) olduğu kimi sadəcə türk ölkələrindən ibarət deyil. Sözügedən formatda dövlət başçıları ildə bir dəfə toplaşaraq regionun sabitliyi, təhlükəsizliyi, sərhəd əməkdaşlığı, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və logistika dəhlizlərinin inkişafı kimi məsələləri birbaşa liderlər səviyyəsində müzakirə edirlər. Bu görüşlərin məqsədi bölgə ölkələrinin öz aralarında qarşılıqlı etimadı artırması, ortaq problemlərə birgə yanaşma formalaşdırması və Mərkəzi Asiyanı böyük güclərin rəqabət meydanından daha çox, öz daxili əməkdaşlıq modeli olan vahid bir məkan kimi möhkəmləndirilməsidir. Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi də indiki məqamda diqqət çəkir. Məsələ ondadır ki, ölkəmiz həm tarixi-mədəni, həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya baxımından Mərkəzi Asiya ilə sıx bağlıdır. Hətta Tacikistan xaric regionun bütün ölkələri ilə TDT daxilində və ikili münasibətlər kontekstində kifayət qədər yaxşı əlaqələr var.
Millət vəkili Əli Məsimli Sherg.az-a deyib ki, Azərbaycanın Mərkəzi Asiya üçün Avropaya açılan etibarlı qapı rolu artır. Deputat vurğulayıb ki, Azərbaycan üçün Mərkəzi Asiyanın yüksəlişi çox mühüm geosiyasi əhəmiyyət kəsb edir:
"Ona görə də Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın hərtərəfli inkişafı və əlaqələrin gücləndirilməsinin önəmi prioritet istiqamətlərdən biri kimi getdikcə artır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. Bunun məntiqi davamı kimi Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Məşvərət Görüşü formatının tamhüquqlu üzvü seçildi. Bu, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni situasiyanın ardınca Mərkəzi Asiyada da situasiyanın hər iki region ölkələrinin xeyrinə dəyişdiyini göstərir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri sadəcə tərəfdaşlıq münasibəti deyil, qarşılıqlı inam üzərində qurulan və böyük hədəflərə hesablanmış strateji tərəfdaşlıqdır".
Parlamentariyə görə, "Mərkəzi Asiya+Azərbaycan formatı" Avrasiya regionlararası siyasətin konfiqurasiyasını dəyişdirə biləcək çox mühüm tarixi hadisədir:
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması çox geniş coğrafi məkanda qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Azərbaycan Mərkəzi Asiya kimi çox əhəmiyyətli regiona daha əlverişli dəhlizlər təqdim edir. Zəngəzur dəhlizi Mərkəzi Asiya+Azərbaycan platforması çərçivəsində iqtisadi, ticarət və nəqliyyat-logistika əməkdaşlığı üçün geniş perspektivlər və imkanlar açır. Əksər dövlətlər Orta Dəhlizin əhəmiyyətini layiqincə qiymətləndirir. Xüsusilə Mərkəzi Asiya ölkələri bilir ki, bu nəqliyyat dəhlizi çox önəmli və perspektivlidir".