Ermənistanda siyasi gərginlik pik həddə çatdı - ŞƏRH

Paşinyan kilsəyə qarşı açıq mübarizəyə başladı 

Yaxın aylarda Paşinyan - kilsə qarşıdurması Ermənistanın daxili siyasi gündəminin əsas mövzularından biri olaraq qalacaq

Bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən uzaqlaşdırılması planı yanvar ayına qədər təxirə salına bilər. Bu barədə “İravunk” qəzeti Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasına (VHP) istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, VHP üzvləri arasında gedən fəal müzakirələrə görə, Nikol Paşinyan hökumətinin katolikosu vəzifəsindən uzaqlaşdırmaq planı yanvar ayına qədər təxirə salına bilər. Partiyadakı mənbəmiz söyləyib ki, hakim komanda addım-addım gedir, prosesin kulminasiya nöqtəsinə diqqətlə yanaşacaq. 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanda seçkiöncəsi siyasi atmosfer getdikcə daha da kəskinləşir və bu fon üzərində kilsə ilə hakimiyyət arasındakı qarşıdurma açıq müstəviyə keçib. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın əsas hədəfi bütün ermənilərin katolikosu II Qaregini vəzifədən uzaqlaşdırmaqdır:

“Bunun üçün Paşinyan komandasının apardığı siyasətin ana xətti kilsə rəhbərliyinin ətrafında olan şəxslərə təzyiqləri artırmaq, onların fəaliyyət imkanlarını məhdudlaşdırmaq və ictimai rəydə nüfuzunu zəiflətməkdən ibarətdir.

Artıq iki keşişin saxlanılması fonunda daha bir din xadiminin tutulması, digər kilsə nümayəndələrinin mütəmadi şəkildə dindirilməsi və onlardan izahatların alınması bu təzyiq mexanizminin sistemli xarakter daşıdığını göstərir. Hökumət bu prosesual addımlarla həm II Qareginin şəxsi imicini zədələməyə, həm də kilsənin Ermənistan cəmiyyətində ənənəvi sosial institut kimi rolunu məhdudlaşdırmağa çalışır. Əslində bu günə qədər kilsənin ictimai nüfuzu xeyli zəifləyib və Paşinyan kilsə rəhbərliyini açıq şəkildə “beşinci kolon” kimi görür”.

II Qareginin vəzifədən uzaqlaşdırılması planının yanvar ayına qədər təxirə salınma ehtimalına gəldikdə isə politoloq qeyd edib ki, bu, Paşinyan üçün həm siyasi, həm də taktiki baxımdan mühüm fürsət yaradır: “ Baş nazir çalışır ki, yeni ildən etibarən kilsə ilə bağlı maneələri aradan qaldıraraq iyun ayına qədər planlaşdırdığı seçki kampaniyasını daha rahat və nəzarət olunan şəkildə həyata keçirsin. Paşinyan komandasına görə, kilsə faktoru ortadan qalxdıqda seçki prosesində ictimai müqavimət daha zəif olacaq. Lakin zənnimcə, II Qaregini proseslərdən tamamilə kənarlaşdırmaq heç də asan deyil. Katolikosun vəzifədən uzaqlaşdırılması cəmiyyətdə ciddi narazılıq dalğası yarada bilər. Ermənistanın konservativ təbəqələri, xüsusilə də kilsəyə bağlı geniş sosial qruplar belə bir addımı “siyasi təqib” və “dövlət-kilsə münasibətlərinə müdaxilə” kimi qiymətləndirə bilərlər. Bu isə etiraz aksiyalarına və ölkə daxilində gərginliyin daha da artmasına yol aça bilər. Paşinyan hökumətinin tərəddüd etdiyi əsas məqam da məhz budur”.

İ. Hüseynov qeyd edib ki, yaxın aylarda Paşinyan - kilsə qarşıdurması Ermənistanın daxili siyasi gündəminin əsas mövzularından biri olaraq qalacaq və bu ziddiyyət seçki prosesinə birbaşa təsir göstərə bilər: “Kilsə katalikosunun dəyişdirilməsi Paşinyanın elan etdiyi “Real Ermənistan” platformasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Əgər söhbət Ermənistanın müstəqil bir dövlət kimi formalaşmasından gedirsə, bu halda xarici təsirlərə son qoyulması zəruri sayılır. Mövcud şəraitdə isə ölkə daxilində siyasi qərarlara təsir etmək gücünə malik əsas risk amillərindən biri məhz kilsə institutudur.

Tarixi proseslər göstərir ki, kilsə uzun illər ərzində Ermənistanın siyasi həyatında birmənalı olmayan, bəzən isə açıq şəkildə mənfi rol oynayıb. O, müxtəlif radikal qrupların formalaşmasında iştirak edib, ultra-millətçi dairələrin, o cümlədən daşnaksütyun tipli təsisatların ideoloji və təşkilati dayaqlarından biri kimi çıxış edib. Bu kontekstdə katalikosun dəyişdirilməsi Ermənistanın daxili siyasi mühitini sabitləşdirmək və dövlət idarəçiliyində kilsənin təsirini məhdudlaşdırmaq istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilir”.