Ermənistanla sülh an məsələsidir -Analitik

Türkiyə bu istiqamətdə gələn il bir neçə simvolik addım atacaq

 

Qardaş Türkiyədən gələn yüklər də Ermənistan vasitəsilə Azərbaycana çatdırıla bilər

Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib. Türkiyə lideri deyib ki, Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirlər. Ərdoğan onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kaluqin də bildirib ki, Rusiyanın Cənubi Qafqazda əsas marağı regionda sülhün və inkişafın təmin olunmasıdır. Kaluqin deyib ki, hazırda Bakı və İrəvan əsasən vasitəçilərsiz, birbaşa dialoq aparır: "İki ölkənin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini paraflayıblar. Rusiya tərəfinin və şəxsən Prezident Vladimir Putinin bu prosesə verdiyi töhfəni nəzərə alaraq, yekun sənədin imzalanması üçün tərəfdaşları öz platformamızda qəbul etməkdən məmnun olarıq".

Politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində çox pozitiv proseslər həyata keçirilməkdədir. Ekspert qeyd edib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıda və İrəvanda görüşündən sonra Rusiya və Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırılması həyata keçirildi:

"Artıq Gürcüstan vasitəsilə Azərbaycan nefti də Ermənistana çatdırılacaq. Gürcüstan tərəfi dostluq jesti edərək tranzit gəlirlərindən də imtina etmişdir. Bütün bunlar Cənubi Qafqazda etibarlı, dayanıqlı sülhü və təhlükəsizlik arxitekturasını formalaşdırır. Eyni zamanda gələcəkdə Azərbaycan nefti Ermənistana daha böyük partiyalarla satıla bilər. Bu, həm ölkəmiz üçün iqtisadi gəlir formalaşdırır, həm də Ermənistanın Rusiya və İrandan olan enerji daşıyıcılarına artan asılılığını daha da azaltmaqdadır. Hesab edirəm ki, bunun qarşılığında Azərbaycan da mühüm dividendlər əldə etməlidir. Qardaş Türkiyədən gələn yüklər də Ermənistan vasitəsilə Azərbaycana çatdırıla bilər və bütün bunlar qarşılıqlı etimadı gücləndirən amillər hesab oluna bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, artıq ili başa vururuq. Növbəti il Ermənistanda çox ciddi siyasi proseslər həyata keçiriləcək".

Analitikə görə, Ermənistanda parlament seçkiləri çox həlledicidir:

"Cənubi Qafqazda gedən bu proseslər Nikol Paşinyanın siyasi reytinqinin daha da artmasına xidmət edəcək. Azərbaycanın Ermənistana bu cür müsbət, sülhyönümlü jestləri həm təhlükəsizliyi gücləndirir, həm də Nikol Paşinyanın xalq arasında etimadının artmasına, sülhə meyilli şəxslərin və cəmiyyətin daha aktiv şəkildə seçkilərdə iştirak etməsi ehtimalına səbəb ola bilər".