Hikmət Babaoğlu: Zəfərin qədrini bilmək üçün keçmiş daim yaddaşda qalmalıdır

Tarix hər bir xalqın yaddaşında həm ağrılar, həm də qürurlu anlarda yaşayır. Azərbaycan xalqı üçün son onilliklər bu baxımdan xüsusilə taleyüklü olub. Uzun illər davam edən işğal, məcburi köçkünlük və ədalətsizliklə müşayiət olunan dövr nəhayət ki, tarixi zəfərlə başa çatdı. Bu zəfər təkcə torpaqlarımızın azad olunması deyil, eyni zamanda milli iradənin, dövlət qətiyyətinin və xalq-ordu-lider birliyinin təntənəsi idi. Bu reallıqlar fonunda məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışı həm tarixi ədalətin bərpası, həm də keçmişin unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində iştirak edib. Prezident mərasimdə ATƏT-in Minsk qrupunun yarıtmaz siyasətindən danışıb. Həmçinin BMT TŞ-nin məlum qərarlarının icra olunmaması, Ermənistana heç bir sanksiya tətbiq edilməməsi məsələrinə toxunub. Qeyd edib ki, oxşar hallarda kollektiv Qərb Rusiyaya Serbiyaya, bir sıra şərq ölkələrinə sanksiyalar tətbiq edib, üstəlik hərbi gücdən də istifadə ediblər.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a məcburi köçkünlərimizin öz tarixi yurdlarına qayıdışı nə qədər mühüm tarixi hadisədirsə, yaşadığımız və arxada qoyduğumuz 30 illik faciələrin yaddaşımızda diri tutulmasının da bir o qədər vacib olduğunu söyləyib:

"Məhz buna görə Azərbaycan Prezidenti Ağdam II yaşayış kompleksinin açılışı zamanı tarixi zəfərə aparan məşəqqətli yolumuza bir daha nəzər saldı. Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmaması üçün böyük dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun illər boyu göstərdiyi israrlı cəhdləri xatırlatdı. Lakin bu prosesin sonuna gəlib geriyə baxdıqda aydın görünür ki, 30 il davam edən diplomatik danışıqların dərin qatlarında güclü və uzaqgörən Azərbaycan diplomatiyası dayanıb. Bu prosesdə Azərbaycan qətiyyəti, cəsarəti və Azərbaycan dövlətinin qüdrəti özünü açıq şəkildə göstərdi. Bütün bunları təmin edən isə, heç şübhəsiz ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir".

Parlamentari məhz buna görə qayıdışımızın qədrini bilmək, əldə etdiyimiz tarixi zəfəri yenidən qiymətləndirmək və dərindən dərk etmək üçün ordumuzun gücünü, Ali Baş Komandanımızın qətiyyət və cəsarətini daim xatırlamalı olduğumuzu söyləyib: 

"Keçmişimizi unutmaq olmaz ki, bir daha bizə yaşadılan o məşəqqətli günləri təkrar yaşamayaq. Çünki tarix onu unudanları, unutduqlarını yenidən yaşamağa məhkum edir. Ona görə də tariximizi unutmamalıyıq. Azərbaycan Prezidenti də çıxışında məhz bunu demək istəyirdi".