İbrahim Kalın: Türkiyəyə qarşı casusluq cəhdlərinin qarşısı alınıb

“Türkiyəyə qarşı aparılan casusluq cəhdləri ifşa edilərək qarşısı alınıb”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın qurumun 99 illiyi münasibətilə qələmə aldığı məqaləsində bildirib.

İbrahim Kalın qeyd edib ki, əks-kəşfiyyat sahəsində Türkiyə daim öz potensialını artırır.

“Türkiyə kimi güclü və təsirli bir dövlətin casusluq fəaliyyətlərinin hədəfi olması təəccüblü deyil. Kəşfiyyat üsullarının sürətlə dəyişməsi, klassik metodlarla yanaşı onlayn əməliyyatlar, mütəşəkkil cinayət qruplarından istifadə, eləcə də detektivlərdən yararlanma kimi yeni vasitələrin tətbiqi fonunda əks-kəşfiyyat sahəsində yüksək ayıqlıq və artan imkanlarla fəaliyyət göstəririk.

Məhz ötən il ərzində ölkəmizə qarşı aparılan fəaliyyətlər və agent şəbəkələri ifşa olunub, casusluq cəhdləri uğursuzluğa düçar edilib. Bu sahədəki fəaliyyətlərimiz qətiyyətlə və fasiləsiz şəkildə davam etdiriləcək”, - MİT rəhbəri vurğulayıb.