Artıq İranda qalmaq təhlükəsizlik baxımından ciddi risklər yaradır
Yaxın Şərq regionunda vəziyyət gərgin mərhələyə qədəm qoyub. ABŞ və İran arasında aparılan danışıqlar, hərbi fazaya keçib. ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb. İran isə cavab olaraq, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazasına zərbələr endirib. Vəziyyətin gərginləşdiyi dönəmdə, Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımızı İsrail və İrana səfər etməkdən çəkinməyə çağırıb. Bildirilib ki, İrandakı vətəndaşlar mövqelərinə uyğun olaraq ölkəni ya Azərbaycan, ya da Türkiyə üzərindən tərk etməlidirlər. Çağırışda vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və yerli hakimiyyətin göstərişlərinə əməl etmələri tövsiyə olunur. Proseslərin gərginliyi fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyi də ciddi təhlükə altındadır.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, İranda qalmaq təhlükəsizlik baxımından ciddi risklər yarada bilər:
“Azərbaycan 12 günlük müharibə əsnasında da xarici diplomatları İrandan çıxartdı. Verilən təlimatlara əsasən vətəndaşlarımız İranı müxtəlif yollarla, tərk etdilər. Dövlətin başlıca vəzifələrindən biri vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasıdır. Rəsmi Bakı ötən il baş vermiş münaqişə zamanı bütün imkanlarını səfərbər etmişdi. İndiki dönəmdə də zəruri tədbirlərin icrası üçün əlindən gələni etməyə tam hazırdır. Çünki İran artıq müharibəyə cəlb olunmuş dövlətdir”.
T. Abbasov, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyi ilə bağlı ciddi narahatlıq keçirildiyini bildirib:
“Onların da həyatı və təhlükəsizliyi bizim üçün vacibdir. Xatırlayırsınızsa, 12 günlük müharibə əsnasında rəsmi Bakı İsrail hökumətinə müraciət edərək, azərbaycanlıların yaşadığı ərazilərin hədəfə alınmamasını xahiş etmişdi. Bizim humanist dəyərlərimiz hər zaman siyasi və hərbi mövqeyimizin önündə dayanır. Bunu Ermənistan ilə müharibədən sonrakı mərhələdə də atdığımız addımlarla nümayiş etdirdik. Azərbaycan prinsipial olaraq mübahisəli məsələlərin hərbi yollarla deyil, dialoq əsasında həllinin tərəfdarıdır. İnanırıq ki, Azərbaycan hökuməti vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı və operativ tədbirlər həyata keçirəcək”.