İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov

İranda iqtisadi böhran səbəbindən başlayan aksiyalar 11 gündür davam edir. Ölkə üzrə 31 əyalətin 27-nə yayılan aksiyalarda 36 nəfər həyatını itirib. Etirazlar zamanı 2000-dən artıq insan saxlanılıb. 

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İrandakı etiraz aksiyalarının ciddi dəyişiklik yaradacağına inanmadığını bildirib:

"Çünki baş verənlər iqtisadi böhran, həyat şəraitinin çətinləşməsi ilə bağlıdır. Bu yaşananlar nə ilk, nə də sondur. İran camaatı dini hakimiyyətdən dönməyəcək. Yəni hazırkı vəziyyətdə bunu demək olar. Mən xatırlayıram ki, Təbrizdə ostandarla (vilayəti idarə edən şəxs) görüşəndə, o general idi, dedi ki, İranda bütün inqilablar Azərbaycanda başlayıb. Təbrizdə, Ərdəbildə. Hazırda İrandakı azərbaycanlılar fəallaşmayıb. 

Baş verənlərin Azərbaycana təsirinə gəldikdə isə İranda hakimiyyət dəyişsə belə onlar daim bizə məsafəlidir. Çünki müstəqil və güclü Azərbaycanı İran hökumətləri daim təhlükə kimi görəcək".