Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan saziş region ölkələrinin Yaxın Şərqdəki vəziyyətə baxışının dəyişdiyini göstərir.
Sherg.az xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
“Demək olar ki, bu, həmin ölkələrin regiona baxışının dəyişdiyini göstərir. Region ölkələri son iki-üç ildə baş verən hadisələri nəzərə alaraq anlayıblar ki, təhlükəsizlik yalançı vasitəçilərdən satın alına biləcək bir məhsul deyil”, - deyə iranlı diplomat bildirib.
Bəqainin sözlərinə görə, İranın siyasəti region ölkələrinin xarici aktorlara arxalanmadan öz təhlükəsizliklərini təmin etmələri üçün əməkdaşlığın təşviq edilməsinə və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbi ittifaqın yaradılmasını nəzərdə tutan pakt imzalayıb. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək.