Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd olunub.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, iki ölkə arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb.
Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib.
Görüşdə Macarıstanın xüsusilə enerji sahəsi olmaqla Azərbaycanda üçüncü böyük investor olduğu vurğulanıb, bununla yanaşı, əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Bu və digər məsələlərin müfəssəl şəkildə III Azərbaycan-Macarıstan Strateji Dialoqu çərçivəsində müzakirə ediləcəyinə dair əminlik ifadə olunub.
Beynəlxalq platformalar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Avropa İnstitutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.