Millət vəkili: "Elə bir dövrə çatmışıq ki, sülh müqaviləsinin imzalanması tarixi zərurətdir" 

"Sülh üçün müxtəlif səviyyədə təmaslar olduqca əhəmiyyətlidir"

"Hər bir görüş, irəliyə atılmış addım və inkişaf deməkdir"

"Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı paneldə iştirak etmələrini, sülhə doğru atılmış növbəti addım kimi qiymətləndirmək olar". 

Bu barədə "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, hər iki rəsmi Evronyus kanalına verdikləri müsahibədə kifayət qədər səmimi təsir bağışlayırdıla: 

"Hiss olunurdu ki, tərəflərin regional problemlərə baxışları üst-üstə düşür. Uzun illər düşmənçilik etmiş xalqlar arasında münasibətləri normallaşdırmaq, sülhə hazırlamaq üçün müxtəlif səviyyədə təmaslar olduqca əhəmiyyətlidir. Hər bir görüş, irəliyə atılmış addım və inkişaf deməkdir. Elə bir dövrə çatmışıq ki, sülh müqaviləsinin imzalanması tarixi zərurətdir. Cənubi Qafqaz regionunda gərginliyin davam etməsində maraqlı olan bir çox xarici güclər, sülh prosesinin qarşısını almaqda acizdirlər. Həm Ermənistan, həm də Azərbaycan bu imkanları dəyərləndirməli və prosesi başa çatdırmalıyıq".