"Ümidvaram ki, tərəflər müəyyən şərtlər daxilində yenidən birgə fəaliyyətlərini bərpa edəcəklər”
Yaxın Şərqdə artan geosiyasi gərginlik NATO daxilində uzun müddət mövcud olan, siyasi balanssızlığı üzə çıxardı. ABŞ prezidenti Donald Tramp NATO ölkələrini müharibəyə qoşulmağa çağırsa da, təşkilat üzvləri ona dəstək verməkdən imtina etdilər. Hadisədən sonra ABŞ lideri, NATO-dan çıxma məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Tramp, alyansa verdiyi maliyyə və hərbi dəstəyin nəzərdən keçiriləcəyini açıqlamaqla üzv ölkələri təhdid etməyə başlayıb. ABŞ-nin dövlət katibi Marko Rubio isə NATO-nun ABŞ üçün dəyərinə yenidən baxmalı olacaqlarını bildirib.
Gələcək perspektivdə ABŞ NATO-dan çıxarsa, alyansın taleyi necə olacaq?
Mövzu ilə bağlı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Sherg.az-a bildirib ki, NATO-ya üzv ölkələr Amerika ilə münasibətlərinin bərpası üzərində işlər görməlidir:
“Çünki təşkilatı ayaqda saxlayan, ABŞ-nin maliyyə və hərbi dəstəyidir. Vaşinqton ittifaqın strategiyasını müəyyənləşdirir. ABŞ siyasəti də birbaşa NATO-nun fəaliyyət istiqamətinə təsir göstərir. Lakin bəzi NATO ölkələri ABŞ-nin xarici siyasət prioritetləri ilə razılaşmır. Xüsusən də Avropa ölkələri, diplomatik və sülh yollarını ABŞ-nin hərbi yanaşmasından üstün tutur”.
Partiya sədrinin sözlərinə görə ABŞ-nin NATO büdcəsinə əsas töhfəsi digər üzv ölkələri maliyyə baxımından passiv saxlayır:
“Ona görə də, üzv ölkələr hərbi əməliyyatlara qoşulmaqla ağır maliyyə yükünün altında əzilmək istəmirlər. Bəzi NATO ölkələri müharibəyə qoşulmaqla öz ərazilərində terror riskinin artacağından ehtiyat edirlər. Qısaca desək, NATO ABŞ olmadan fəaliyyət göstərə bilməz. Ümidvaram ki, tərəflər müəyyən şərtlər daxilində yenidən birgə fəaliyyətlərini bərpa edəcəklər”.