Naxçıvanın 100 illik blokadası bitir: Prezidentdən TARİXİ gediş - ŞƏRH

  • Naxçıvandan Pakistana qədər uzanan yeni xətt regionun xəritəsini dəyişəcək

Uzun illər mürəkkəb geosiyasi və coğrafi şəraitin yaratdığı blokada məhdudiyyətləri ilə üz-üzə qalan Naxçıvan bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Son illərdə muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, infrastrukturun yenilənməsi, turizm imkanlarının genişləndirilməsi və iqtisadi potensialın daha səmərəli istifadəsi Naxçıvanın simasını əhəmiyyətli dərəcədə dəyişir. Tarixi-mədəni irsi, təbii ehtiyatları və strateji coğrafi mövqeyi ilə seçilən bu qədim diyar artıq yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi deyil, həm də regionun yeni iqtisadi və nəqliyyat xəritəsində mühüm mövqeyə malik məkan kimi diqqət çəkir. Azərbaycan-Türkiyə-İran sərhədlərinin kəsişməsində yerləşən Naxçıvanın geostrateji əhəmiyyəti xüsusilə nəqliyyat və tranzit layihələrinin genişlənməsi fonunda daha da artır. Regionda yeni kommunikasiyaların formalaşması, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin bir-birinə bağlanması Naxçıvanı mühüm tranzit qovşaqlarından birinə çevirmək üçün yeni imkanlar yaradır. Bu baxımdan ABŞ və Azərbaycan-Ermənistan gündəliyində irəli çıxan TRIPP təşəbbüsü də Naxçıvanın regional bağlantılar sistemində rolunu daha da ön plana çıxaran amillər sırasında qiymətləndirilir. Bütün bunlar Naxçıvanın yalnız bu günü deyil, gələcək inkişaf perspektivlərini də gündəmə gətirir. Vaxtilə blokada şəraitində yaşayan bir bölgənin yeni nəqliyyat marşrutlarının, iqtisadi əlaqələrin və regional əməkdaşlıq platformalarının mühüm iştirakçısına çevrilməsi Naxçıvanın tarixində yeni səhifənin açıldığını göstərir. Qarşıdakı dövrdə həyata keçiriləcək layihələr və investisiyalar isə bu qədim diyarın iqtisadi, turizm və geosiyasi potensialının daha geniş miqyasda reallaşmasına, Naxçıvanın regionda yeni dirçəliş mərkəzlərindən birinə çevrilməsinə zəmin yarada bilər.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri əslində düşünüldüyü kimi, Naxçıvanın 35 ildir sürən blokadadan çıxarılması hadisəsi deyil:

“Bu 1923-cü ildən bəri Qərbi Zəngəzurun Ermənistana verilməsindən sonra yaranan qismən blokadadan, 1990-cı illərdən sonra isə yaradılan tam blokadadan çıxarılması hadisəsidir. Ilk düşünməli olduğumuz məsələ odur ki, nəyə görə 100 il bundan əvvəl Naxçıvanın ərazisinin Azərbaycandan qoparılmasına cəhdlər göstərildi? Cavab çox aydındır. Bu, Naxçıvanın strateji mövqeyi ilə bağlı idi. Çünki Naxçıvan Azərbaycanın strateji dayaq nöqtələrindən biridir - həm tarixi, mədəni kontekstdə, həm dövlətçilik tariximiz kontekstində, həm də mühüm coğrafi kontekstdə. Bu gün 100 illik qismən blokadaya və 35 illik tam blokadaya son qoyulmaqdadır. Azərbaycan Prezidenti yaratdığı yeni reallıqlar kontekstində TRIPP marşrutu ilə məhz buna son qoyur. Bu, təkcə Naxçıvanın sosial-iqtisadi, siyasi, mədəni həyatında baş verən yenilik deyil. Bu, bütövlükdə Azərbaycan dövlətçiliyi tarixində mühüm bir hadisədir”.

Parlamentari qeyd edib ki, açılan kommunikasiyaların Naxçıvan və İran üzərindən Pakistana qədər uzanmaq imkanlarına, potensialına malikdir:

“Bu həmçinin Azərbaycanın qardaş Türkiyə ilə yeganə quru sərhədlərinin Naxçıvan vasitəsilə birləşdirilməsi və nəticə etibarilə həm də Türkistan coğrafiyasının Anadolu türklüyü ilə birbaşa bağlanması deməkdir. Ona görə də, əlbəttə ki, bu böyük gələcəyin və bu iqtisadi potensialın qorunması, Naxçıvanın strateji mövqeyinin gələcəkdə də xalqımız üçün səmərəli formada istifadə edilməsi üçün Naxçıvanı qoruyacaq təhlükəsizlik sisteminin qurulması lazım idi. Azərbaycan Prezidenti isə bir neçə il əvvəl qoşun növlərinin bütün istiqamətlərini, seqmentlərini Naxçıvanda da yaratmaqla hərbi-siyasi kontekstdə güclü bir təhlükəsizlik sistemi qurmaq bacardı. Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlar həm Naxçıvanın, həm də Azərbaycanın iqtisadi təhlükəsizliyi ilə bağlı olan məsələlər idi. Çünki Naxçıvandan daşınacaq yüklər gözqamaşdırıcı yüklərdir. 15-20 milyon ton potensialı olan yüklərdir ki, burada da Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sırf iqtisadi təhlükəsizliyin təminatı üçün müəyyən bir beynəlxalq konsorsiumun yaradılması da nəzərdən keçirilir. Mənə elə gəlir ki, bu, həm maraqların uzlaşdırılması baxımından, həm də layihələrin davamlılığı, yüklə təminatı və daha çox iqtisadi səmərəli olması baxımından strateji bir düşüncənin məhsuludur. Ona görə də, Azərbaycan Prezidentinin Mehriban xanım Əliyeva ilə birlikdə Naxçıvana səfəri tarixi səfər kimi səciyyələndirilməlidir”.