Oqtay Qasımov: Əbülfəz Elçibəy dürüstlük və təmizlik nümunəsi kimi yadda qalıb

Bu gün Azərbaycanın müstəqillik tarixində silinməz iz qoymuş görkəmli dövlət xadimi, Milli Azadlıq Hərəkatının lideri və Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Həyatını xalqının azadlığına, milli dövlətçiliyin möhkəmləndirilməsinə və demokratik dəyərlərin bərqərar olmasına həsr etmiş Elçibəy, müasir Azərbaycan tarixinin ən mühüm siyasi simalarından biri kimi xatırlanır. Onun siyasi fəaliyyəti, milli ideallara sədaqəti və dövlətçilik uğrunda mübarizəsi bu gün də geniş şəkildə müzakirə olunur və yüksək qiymətləndirilir.

Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Elçibəy Azərbaycanın XX əsr tarixində çox önəmli rol oynamış şəxsiyyətlərdən biridir:

“O, Azərbaycanın müstəqillik prosesinin memarlarından biri, Milli Azadlıq Hərəkatının lideri idi. Eyni zamanda, Əbülfəz Elçibəy Azərbaycan Respublikasının demokratik yolla seçilmiş prezidenti olub və qısa hakimiyyəti dövründə olduqca ciddi uğurlara imza atıb. Bu uğurların sırasında bir neçəsini xüsusi qeyd etmək istərdim. İlk növbədə, Əbülfəz Elçibəy Azərbaycan milli dövlətçiliyini özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Onun hakimiyyəti dövründə Rusiya ordusu Azərbaycandan çıxarıldı, milli valyutaya keçid istiqamətində addımlar atıldı və iqtisadi islahatlara başlanıldı. Bunlar qısa müddətdə həyata keçirilən mühüm dövlətçilik tədbirləri idi. Bundan başqa, Elçibəy hakimiyyəti dövründə Azərbaycan həm Rusiyanın təsiri altında olan və açıq şəkildə dəstəklədiyi Ermənistanla müharibə aparır, həm də iqtisadi blokada şəraitində fəaliyyət göstərirdi. Bütün bu çətinliklərə baxmayaraq, dövlət tərəfindən 156 milyon dollar vəsait toplandı. Bu rəqəm bu gün kiçik görünə bilər, lakin həmin dövr üçün olduqca böyük məbləğ hesab olunurdu. Eyni zamanda, Ləl-Cəvahirat Fondu yaradıldı və qısa müddət ərzində fonda 4 tondan artıq qızıl, gümüş və digər qiymətli metallar toplandı ki, bu da ciddi nailiyyət idi. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Qərbin aparıcı neft şirkətləri ilə danışıqlar aparıldı və mühüm razılaşmaların əldə olunması mərhələsinə gəlinmişdi. Lakin Rusiyanın, İranın və digər qüvvələrin dəstəklədiyi proseslər nəticəsində baş verən dövlət çevrilişi bu inkişafın qarşısını aldı. Elçibəy dövründə ordu quruculuğunun ilk təməlləri də atıldı. Nizami orduya keçid prosesi başlandı. Şübhəsiz ki, həmin dövrdə bunu həyata keçirmək olduqca çətin idi. Buna baxmayaraq, Azərbaycan Ordusu ilk dəfə onun hakimiyyəti dövründə uğurlu əks-hücum əməliyyatları həyata keçirdi və Şaumyan, Gülistan, eləcə də Ağdərə istiqamətində mühüm uğurlar qazandı. Doğrudur, müəyyən uğursuzluqlar da yaşandı, lakin ümumilikdə Əbülfəz Elçibəyin prezidentlik dövrü bu istiqamətdə atılan addımlarla yadda qaldı”.

Müşavir qeyd edib ki, o, Milli Azadlıq Hərəkatının lideri kimi böyük bir siyasi təşkilat yaratdı:

“Azərbaycan Xalq Cəbhəsi xalqın içərisindən doğan bir təşkilat idi və Əbülfəz Elçibəy onun lideri kimi bu hərəkatı uğura aparmağı bacardı. Azərbaycanın müstəqilliyinin əldə olunmasında onun rəhbərlik etdiyi təşkilatın müstəsna xidmətlərini heç kim inkar edə bilməz. Elçibəy hakimiyyəti dövründə Azərbaycan xarici siyasətində Türk dünyasına xüsusi önəm verirdi. Azərbaycanın Türkiyə ilə münasibətlərinin inkişafı və Qərblə əlaqələrinin genişlənməsi həmin dövrdə Rusiya və İran tərəfindən məmnunluqla qarşılanmırdı. Onun hakimiyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri kimi bu amil də göstərilir. Böyük bir milli hərəkat yaratmaq, ona rəhbərlik etmək və onu uğura çatdırmaq hər liderə nəsib olmur. Əbülfəz Elçibəy bunu bacaran nadir siyasi liderlərdən biri idi”.

Qasımovun sözlərinə görə, Əbülfəz Elçibəy Bütöv Azərbaycan ideyasının əsas daşıyıcılarından və aparıcı liderlərindən biri idi:

“Bu ideya onun həyatının və siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Bu sahədə onun yazdığı məqalələr, kitablar və irəli sürdüyü fikirlər bu gün də öz əhəmiyyətini qoruyur. Əbülfəz Elçibəy eyni zamanda dövlət vəzifəsində dürüstlük və təmizlik nümunəsi kimi yadda qalıb. Hətta onun ən sərt siyasi rəqibləri belə şəxsi dürüstlüyünü və təmiz adını şübhə altına almayıblar. Elçibəy təpədən-dırnağa milli dəyərlərə bağlı, milli əxlaqı üstün tutan bir insan idi. Nə vəzifə, nə hakimiyyət, nə də digər imkanlar onun bu prinsiplərini dəyişdirə bildi. O, ömrünün sonuna qədər inandığı dəyərlərə sadiq qaldı və məhz buna görə də Azərbaycan siyasi tarixində özünəməxsus yer tutdu”.