Pakistanlı ekspert: İlham Əliyev Azərbaycan-Pakistan münasibətlərinin əsas memarıdır

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycanla digər ölkələr arasında əlaqələri gücləndirməsi xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü və strateji baxışı nəticəsində Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, iki ölkə arasında siyasi, iqtisadi, müdafiə və mədəni əməkdaşlıq sahələrində əlaqələr güclənib. İlham Əliyevin liderliyi regional və qlobal kontekstdə Azərbaycanın tərəfdaşlarla əlaqələrinin inkişafına əhəmiyyətli töhfələr verib.

İslamabadda yerləşən “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) İcraçı Direktoru, Qazaxıstan, MDB ölkələri, Çin, Türkiyə, İndoneziya, Körfəz Əməkdaşlıq Şurası (GƏŞ), Qətər və ASEAN üzrə pakistanlı mütəxəssis Mehmood Ul Hassan Khan Sherg.az-a İlham Əliyevin Pakistan-Azərbaycan münasibətlərinə verdiyi töhfələrdən danışıb:

"İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Allah onu daim qorusun və müvəffəqiyyətlər nəsib etsin. Pakistan və Azərbaycan strateji müttəfiqlərdir və ortaq tarixi, mədəni və dini dəyərləri bölüşürlər. Azərbaycan müstəqillik qazandığı gündən etibarən iki ölkə arasında münasibətlər iqtisadi, müdafiə, siyasi və diplomatik əməkdaşlıq sahələrini əhatə edib. Prezident səviyyəsində və yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu, iqtisadiyyat, investisiya, birgə müəssisələr, kənd təsərrüfatı, sənaye əməkdaşlığı, infrastruktur, enerji (neft və qaz), eləcə də müdafiə sahələrində əməkdaşlığın miqyasını, sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırdı. Bu prosesdə Prezident İlham Əliyevin liderliyi mühüm rol oynayıb. İkitərəfli investisiyaların 2 milyard ABŞ dollarına çatdırılması barədə əldə olunan razılaşma, ali siyasi rəhbərliyin sıx əlaqəsini, siyasətçilərin çevik qərarvermə mexanizmini, dövlət qurumlarının və ticarət-sənaye palatalarının dəyərli töhfələrini aydın şəkildə əks etdirir. Prezident İlham Əliyevin strateji baxışı Pakistan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə ciddi töhfə verdi. Onun rəhbərliyi altında iqtisadiyyat, investisiya, enerji əməkdaşlığı, turizm, mülki aviasiya, mədəniyyət, xalqlararası əlaqələr, rəqəmsallaşma, infrastrukturun inkişafı və hərbi əməkdaşlıq sahələrində münasibətlər yeni dinamika qazandı. Strateji tərəfdaşlıq çərçivəsində özəl sektorun prosesə cəlb edilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi iki ölkənin əlaqələrinə əlavə impuls verdi".

Ekspert Azərbaycan dövlət başçısının yüksək səviyyəli görüşlərdə fəal iştirakının, müdafiə sərgilərinə qatılması və birgə hərbi təlimlərin keçirilməsinin Cənubi Qafqaz və Cənubi Asiyada dəyişən geosiyasi və geostrateji reallıqlar fonunda hərbi əməkdaşlığın əhəmiyyətini açıq şəkildə göstərdiyini söyləyib:

"Pakistanın JF-17 Thunder Block III qırıcı təyyarələrinin Azərbaycana satılmasından sonra müdafiə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu əməkdaşlıq beşinci nəsil döyüş təyyarələrinin birgə istehsalı, pilotsuz uçuş aparatları, tanklar, lazer texnologiyaları, ballistik raketlər, elektron müharibə sistemləri və müşahidə təyyarələri sahələrində genişləndirilə bilər. Prezident İlham Əliyevin geo-iqtisadi baxışı Azərbaycanın makroiqtisadiyyatını, sənaye və istehsal potensialını, insan kapitalını və bərpa olunan enerji sektorunu əhəmiyyətli dərəcədə inkişaf etdirib. Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən və Ermənistanın Sünik bölgəsindən yan keçən strateji nəqliyyat marşrutu kimi böyük əhəmiyyət daşıyır. Hər iki ölkənin siyasətçiləri bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməli, özəl investisiyaları cəlb etməli, enerji saxlanması texnologiyalarını inkişaf etdirməli və “yaşıl enerji dəhlizləri”nin yaradılmasını təşviq etməlidirlər. İqlimə davamlı şəhər ekosistemlərinin inkişafı, yaşıl binalar, iqlimə uyğun kənd təsərrüfatı, su səmərəliliyi və su təhlükəsizliyinin artırılması, eləcə də bu sahələrdə özəl sektorun iştirakı ikitərəfli iqtisadi əlaqələri daha da möhkəmləndirə bilər. Azad edilmiş ərazilərdə infrastrukturun qurulması, “ağıllı yaşayış”, metallurgiya və mədənçilik, hibrid kənd təsərrüfatı, KOB-lar, İT və startaplar, rəqəmsallaşma, elektron ticarət, bankçılıq və maliyyə, elm və kosmos, tekstil, avtomobil sənayesi, mühəndislik və ali təhsil sahələrində əməkdaşlıq dərhal başlanmalıdır".

Ekspert birgə hərbi istehsal şirkətinin, birgə antiterror qüvvəsinin, birgə inkişaf bankının/şirkətinin, birgə turizm mexanizminin və birgə yükdaşıma şirkətinin yaradılması ikitərəfli iqtisadi əlaqələrə güclü təkan verə biləcəyini qeyd edib:

"Pakistan-Azərbaycan Birgə Ticarət Palatası bu prosesdə mühüm əlavə dəyər yaradır. İki ölkə arasında ticarət və investisiya əməkdaşlığını inkişaf etdirmək üçün yeni və məhsuldar biznes modelinin tətbiqinə ciddi ehtiyac vardır".