Son vaxtlar Ermənistanla Türkiyə arasında təmaslar nəzərəçarpacaq dərəcədə intensivləşib ki, bu da münasibətlərin normallaşması prosesinə kömək edir.
"Report"un xarici mətbuata istinadən məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Berlində, Almaniyanın Xarici Siyasət Şurasında keçirilən "Ermənistanın dünyanın institutsionallaşdırılması, regional qarşılıqlı əlaqə və Aİ-yə inteqrasiya məsələlərində baxışı" panel müzakirəsində deyib.
"Almaniyanın Xarici Siyasət Şurasında əvvəlki görüşümdən bəri Ermənistanla Türkiyə arasında təmasların intensivləşməsinin şahidi olmuşuq", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, qarşılıqlı fəaliyyət bütün səviyyələrdə həyata keçirilir: Baş nazirlə Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər nazirləri, xüsusi nümayəndələr, eləcə də müvafiq nazirlikləri arasında.
"Praktikada, de-yure diplomatik münasibətlər olmasa belə, rəsmi Ankara ilə çox fəal danışıqlar aparır və münasibətlər saxlayırıq", - Ermənistan hökumətinin rəhbəri vurğulayıb.
Baş nazir Ankaranın çoxdan gözlənilən siyasi qərarı verəcəyinə ümid etdiyini bildirib: "Ümid edirəm ki, Türkiyə Ermənistanla sərhədi açmaq və diplomatik münasibətlər qurmaq üçün çoxdan gözlənilən siyasi qərarı verəcək".
Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan və Azərbaycan arasında sülh, TRIPP layihəsi, Gürcüstan və İranla mehriban qonşuluq münasibətləri və Rusiya ilə konstruktiv dialoq Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb marşrutları ilə yanaşı ən cəlbedici tranzit dəhlizlərindən biri kimi təqdim edə bilər.
"Biz bu tarixi fürsəti reallaşdırmaq üçün bütün səylərimizi göstəririk", - Ermənistanın Baş naziri fikirlərini yekunlaşdırıb.