Sabir Rüstəmxanlı: "Məsələni şişirtməyə ehtiyac yoxdur"

"Sanki süni şəkildə konfilikt yaradılır. Əslində isə heç bir konflikt, qarşıdurma yoxdur"

"Baş verənlərlə bağlı mətbuatda yazılanlar təəssüf doğurur. Təəssüf doğurur ona görə ki, məsələlər şişirdilmiş şəkildə cəmiyyətə təqdim olunur. Sanki süni şəkildə konfilikt yaradılır. Əslində isə heç bir konflikt, qarşıdurma yoxdur".

Bunu "Sherg.az"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Milli Məclis sədrinin müavini, sözügedən partiyadan olan deputat Rafael Hüseynova töhmət verilməsi məsələsinə münasibətində bildirib.

S.Rüstəmxanlı bəyan edib ki, Milli Məclisdə Azərbaycan dili ilə bağlı keçirilən konfransda moderator kimi Rəfael Hüseynovun onun çıxışı üçün əlavə vaxt verməməsi partiya üzvləri tərəfindən xoş qarşılanmayıb: 

"Bu məsələ nizamnamə çərçivəsində müzakirə olunub. Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası Milli Məclisdə partiyanın iki üzvü arasında baş vermiş mübahisəni müzakirə edərək bu barədə mənim və Rəfael Hüseynovun mətbuata verdikləri açıqlamaları, Siyasi Şura üzvlərinin rəylərini və uzun illər Azərbaycan siyasi sistemində monolitliyi ilə seçilən VHP-nin daxili prinsiplərini nəzərə alaraq bu məsələni qapanmış hesab edir. Eyni zamanda VHP-dən olan millət vəkili Rafael Hüseynova bundan sonra bu kimi məqamlarda partiya mənsubiyyətini diqqətə alması tövsiyə olunub. Bu məsələni daha artıq şişirtməyə ehtiyac yoxdur".