Sabir Rüstəmxanlı: Rafael Hüseynovla bağlı partiyada ciddi narazılıq var...

"Ciddi narazılıq var, amma mən Rafael Hüseynovun partiyadan ixracı barədə düşünmürəm".

Bunu APA-ya açıqlamasında VHP sədri Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və parlamentdə azlığı təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. Rafael Hüseynov Sabir Rüstəmxanlıya çıxış üçün ayrılan vaxtın başa çatdığını bildirib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb. Sabir Rüstəmxanlı isə sözünün kəsilməsinə etirazını bildirib və bunu hörmətsizlik kimi dəyərləndirib: “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin özünüz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz” .

Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.

Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında deyib ki, sabah Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçiriləcək, gündəlikdə bir sıra məsələlər var, Rafael Hüseynov barədə də məsələ qaldırıla bilər: “Amma mən hər hansı inzibati cəza, töhmət, partiyadan çıxarma kimi məsələlər barədə düşünmürəm. Bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var və Siyasi Şuranın iclasında bunu dilə gətirəcəklər. Amma mən mövqeyimi bildirirəm və güman edirəm ki, Siyasi Şura mənim mövqeyimlə razılaşar. Rafael Hüseynovla uzun illər davam edən dostluğumuz var və bu məsələni də öz aramızda həll edərik”.

Məsələyə Rafael Hüseynovun mövqeyini öyrənmək mümkün olmayıb. Vitse-spiker telefon zənglərinə cavab verməyib.