“Şoqakat” kanalı siyasi təzyiq alaraq susduruldu - RƏY

Qafar Çaxmaqlı: “Bu addım seçki demokratiyasına təhlükə yarada bilər”

Ermənistanda media məkanında baş verən son proseslər hakimiyyət-müxalifət münasibətlərinin getdikcə daha da gərginləşdiyini göstərir. Xüsusilə “Şoqakat” telekanalının bağlanması ilə bağlı qəbul edilən qərar yalnız bir media qurumunun fəaliyyəti ilə məhdudlaşmır, ölkədə söz azadlığı, siyasi neytrallıq və seçki öncəsi media nəzarəti kimi daha geniş və həssas məsələləri gündəmə gətirir. 

“Şoqakat” telekanalı yanvarın 1-dən ləğv ediləcək.

Qərarın əsaslandırılmasında qeyd olunur ki, belə bir addımın əsası 24 oktyabr 2025-ci il tarixli "Audiovizual Media" haqqında qanuna edilən dəyişikliklərdir.

Qeyd edək ki, “Şoqakat” telekanalı hökumət tərəfindən 2011-ci ilin fevral ayında yaradılıb, səhmlərin idarə edilməsi İctimai Televiziya Şurasına verilib. Teleşirkətin əsas vəzifəsi mənəvi və mədəni proqramlar göstərmək olub.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a "Şoqakat" adlı telekanalın bağlanması ilə bağlı Ermənistan hökumətinin qərarının müəyyən mənada ölkədə siyasi məqsədlərdən irəli gələn addım kimi qiymətləndirildiyini söyləyib:

"Halbuki bu kanal Ermənistanda “Hanrayn” adlanan ictimai televiziyanın nəzdində fəaliyyət göstərirdi. "Şoqakat" ictimai televiziyanın tərkibində yaradılmış yardımçı kanal idi və əsas məqsədi mədəni proqramlar təqdim etmək, Ermənistanın mənəvi və dini dəyərlərini təbliğ etməkdən ibarət idi.

Lakin son dövrlərdə bu kanalın Ermənistanda kilsə-hakimiyyət qarşıdurmasında açıq şəkildə tərəf tutması ciddi narazılıqlar yaratdı. Ermənistanın audiovizual media haqqında mövcud qanunvericiliyinə əsasən, bu cür fəaliyyət yolverilməz sayılır. İndi isə Ermənistan hökuməti həmin qanuna dəyişikliklər etməyə hazırlaşır. Bu dəyişikliklərin yalnız "Şoqakat" kanalına şamil olunmayacağı, müxalifətin nəzarətində olan digər bəzi kanalların da bağlanma ehtimalının olduğu bildirilir. Çünki Ermənistanda bir sıra media qurumları Koçaryan, Sarkisyan və digər müxalif qüvvələrin nəzarətindədir və onların birbaşa dəstəyi ilə fəaliyyət göstərir. Seçki öncəsi dövrdə Ermənistan hakimiyyəti bu məsələlərə xüsusilə həssas yanaşır. Müxalifətə geniş media tribunalarının verilməsi hakimiyyət üçün gələcəkdə ciddi problemlər yarada bilər".

Ekspert Ermənistanda İctimai Televiziya Şurasının da faktiki olaraq hakimiyyətin nəzarəti altında olduğunu bildirib. O, verilən qərarın siyasi xarakter daşıdığını vurğulayıb:

"Bu qurumun əsas vəzifəsinin ölkədə mövcud problemləri işıqlandırmaqdır. Lakin "Şoqakat" kanalı öz yaradılma məqsədlərindən kənara çıxaraq mənəvi və mədəni proqramlar əvəzinə hakimiyyəti tənqid edən verilişlər hazırlayıb yayımlayırdı. Bu da narazılıqlara səbəb olub.

Bu qərar açıq şəkildə siyasi xarakter daşıyır. Hakimiyyət bu addımlarla gələcəkdə seçki demokratiyasının pozulmasına gətirib çıxara biləcək bir yol tutur və seçki prosesində rəqiblərini media tribunalardan məhrum etməyə çalışır. Vurğulamaq lazımdır ki, bu proses yalnız Şovakat kanalı ilə məhdudlaşmaya bilər. Ermənistanda müxalifətin əlində olan güclü televiziya və YouTube kanalları da mövcuddur. Görünən odur ki, Paşinyan hakimiyyəti bu platformalarla bağlı da ciddi addımlar atmaq niyyətindədir. Çünki televiziya və rəqəmsal media müxalifət üçün güclü tribuna rolunu oynaya bilər. Hakimiyyət isə bunun qarşısını almaq üçün audiovizual media haqqında qanuna dəyişikliklər etməklə bu addımları qanuniləşdirməyə çalışır".

Banu