Tokayev: Azərbaycanla bağlı strateji qərar qəbul etdik

Tokayev noyabrın 14-16-da Özbəkistana dövlət səfəri zamanı Qazaxıstan nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə səmimi təşəkkür məktubu göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Məktubda bildirilib ki, bu səfər Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmlənməsinə güclü təkan verən tarixi əhəmiyyətə malikdir.

Prezident Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri Başçılarının VII Məşvərət Görüşünün yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib.

Onun sözlərinə görə, regional əməkdaşlığın bütün sahələrini əhatə edən məzmunlu müzakirələr, qəbul edilən mühüm qərarlar və sənədlər, eləcə də Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbulu bu foruma strateji əhəmiyyətli hadisə statusu verib.

Xatırladaq ki, noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri Başçılarının VII Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də fəxri qonaq kimi iştirak edib. Azərbaycan tədbirdə Mərkəzi Asiya Dövlətləri Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü olub.