Tramp - Meloni qalmaqalı diplomatik böhran səviyyəsinə yüksəlməyəcək - ŞƏRH

  • Lakin ABŞ-İtaliya münasibətlərində ritorik gərginlik davam edəcək

ABŞ Prezidenti Donald Tramp artıq İtaliya Baş naziri Ciorcia Meloni ilə “dostluq etmək” istəmədiyini bildirib.

O, bu barədə “Truth Social” hesabında yazıb.

Tramp bildirib ki, İtaliyanın Baş naziri Fransada G-7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün dəfələrlə xahiş edib.

ABŞ Prezidenti qeyd edib ki, Meloninin İtaliyada populyarlığı azalır: “Bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya inkişaf etdirməsinin qarşısını almaq məsələsində İtaliyanı səmimi qəlbdən sevən və qoruyan Amerika Birləşmiş Ştatlarından (yeri gəlmişkən, NATO-dan da!) imtina etdi. O, hətta bizə İtaliya uçuş-enmə zolaqlarından istifadə etməyə icazə vermədi ki, bu da ABŞ-ın İtaliyanı və digər NATO müttəfiqlərini müdafiə etmək üçün hər il yüz milyardlarla dollar xərcləməsinə baxmayaraq, böyük logistika narahatlığı yaradır. İndi isə, ABŞ-ın İran üzərində hərbi qələbəsindən sonra, o, “sayı artırmaq” üçün yenidən dostlar qazanmaq istəyir. Xeyr, təşəkkürlər!”, - Tramp qeyd edib.

Bu hadisə təkcə Tramp - Meloni münasibətləri çərçivəsində deyil, daha geniş şəkildə ABŞ-Avropa İttifaqı və NATO daxilində artan siyasi gərginliyin simptomu kimi oxunmalıdır. Xüsusilə də Trampın ritorikasında şəxsi münasibətləri dövlət siyasəti ilə qarışdırması, Qərb ittifaq sistemində artıq institusional diplomatiyanın yerini emosional və populist kommunikasiya modelinin almağa başladığını göstərir.

Trampın Meloni ilə bağlı iddiaları İtaliyanın ABŞ hərbi fəaliyyətlərinə, xüsusilə İran məsələsində lojistik dəstəyə ehtiyatlı yanaşması əslində NATO daxilində mövcud olan “yük bölgüsü” və strateji asılılıq debatının yenidən qabardılmasıdır. ABŞ uzun müddətdir Avropa müttəfiqlərini müdafiə xərclərinə və hərbi əməliyyatlara daha aktiv qatılmağa çağırır. İtaliya kimi ölkələr isə daha çox daxili siyasi risklər və ictimai rəylə bağlı olaraq bu məsələlərdə ehtiyatlı davranır.

Meloninin sərt cavabı isə İtaliyanın ABŞ qarşısında özünü müdafiə edən, lakin açıq şəkildə ittifaqa sadiqliyini qorumağa çalışan bir mövqe tutduğunu göstərir. Burada əsas siyasi mesaj ondan ibarətdir ki, Roma Vaşinqtonla münasibətlərdə “tabe tərəf” obrazını qəbul etmək istəmir və bərabərhüquqlu tərəfdaşlıq diskursunu qorumağa çalışır.

Bu qarşıdurmanın fonunda diqqətçəkən məqam Trampın İran mövzusunu yenidən gündəmə gətirməsidir. Bu, ABŞ-ın Yaxın Şərq strategiyasında sərt xəttin davam edəcəyi mesajı kimi oxuna bilər və eyni zamanda Avropa ölkələrinin bu siyasətə nə dərəcədə uyğunlaşacağı sualını ortaya çıxarır.

Qısa müddətdə bu qalmaqalın diplomatik böhran səviyyəsinə yüksəlməsi gözlənilmir, lakin ABŞ-İtaliya münasibətlərində ritorik gərginlik davam edəcək. Trampın seçki siyasəti kontekstində Avropaya qarşı tənqidi çıxışlarını artırması ehtimalı yüksəkdir.

Orta müddətdə isə iki ssenari daha real görünür:

Trampın yenidən güclənməsi halında NATO daxilində “öhdəliklərin sərtləşdirilməsi” və Avropaya təzyiq artımı;

Avropa İttifaqının, xüsusilə İtaliya və Fransa kimi ölkələrin ABŞ-dan daha müstəqil təhlükəsizlik xətti formalaşdırmağa çalışması.