Venesuellanın paytaxtı Karakas və ətraf əyalətlərdə ABŞ ordusu tərəfindən hərbi obyektlərə zərbələr endirilib. Partlayışlar və atəş səsləri şəhərin müxtəlif hissələrində eşidilib, sakinlər alçaqdan uçan hərbi təyyarələri müşahidə ediblər.
Venesuela hökuməti ABŞ-ı bu hücumların arxasında olmaqda ittiham edərək bunu “imperialist hərbi təcavüz” adlandırıb. Prezident Nikolas Maduro fövqəladə vəziyyət elan edib və ölkəni müdafiəyə çağırıb. Hadisələr Karakas, Miranda, La Guaira və Aragua əyalətlərində qeydə alınıb, əsas hədəflər isə hərbi bazalar və strateji obyektlər olub. ABŞ tərəfindən əməliyyatın rəsmi təsdiqi hələ verilməyib, lakin məqsədin Maduro rejimini zəiflətmək olduğu iddia olunur.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Venesuela XXI əsrin əvvəlində Latın Amerikasında anti-Amerika siyasi platformasının və ideoloji diskursunun mərkəzi aktorlarından biri olub. Onun sözlərinə görə, Hugo Çaves dövründən etibarən Venesuella ABŞ-ın Qərb yarımkürəsindəki təsirinə qarşı alternativ siyasi xəttin simvolu kimi çıxış edib: "Lakin davam edən beynəlxalq sanksiyalar Venesuellanın həm daxili dayanıqlığını, həm də regional təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu gün Venesuellada mümkün hakimiyyət dəyişikliyi təkcə milli siyasi sistemin transformasiyası deyil, Latın Amerikasında ideoloji balansın və qlobal güc münasibətlərinin yenidən formalaşması baxımından da maraq doğurur.
Tramp üçün Venesuella ilk növbədə iqtisadi qaynaqlarına görə vacibdir! Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir. Bu resurs bazası ölkəyə nəzəri baxımdan uzunmüddətli fiskal dayanıqlıq və regional iqtisadi liderlik imkanı verir. Neftlə yanaşı, təbii qaz, qızıl və digər strateji xammal ehtiyatları Venesuellanın iqtisadi potensialını daha da genişləndirir".
Z.Məmmədov qeyd edib ki, Venesuellada hakimiyyət dəyişikliyi Latın Amerikası üçün simvolik və praktiki əhəmiyyət daşıyır: "Uzun müddət ərzində Venesuela regionda ABŞ-a qarşı ideoloji xətti təmsil edən qüvvələr üçün həm maliyyə, həm də siyasi legitimlik mənbəyi olmuşdur. Xüsusilə enerji resursları hesabına həyata keçirilən regional əməkdaşlıq mexanizmləri bu ideoloji oxun davamlılığını təmin edib. Əgər Maduro gedərsə, bu, Latın Amerikasında sol ideoloji xətti təmsil edən siyasi elitalar üçün mühüm zərbə olacaq.
Məsələlərə qlobal geosiyasi mübarizə kontekstində baxdıqda Maduronun bugünə qədər Moskva və Pekin tərəfindən dəstəkləndiyini ( digər solçuların da daimi hər ik mərkəz tərəfindən dəstəkləndiyi şübhəsizdir)qeyd etmək vacibdir. Lakin, Tramp və Putin arasında münasibətlərdəki "siyasi alver" Alyaska görüşündən sonra Venesuellanın və Ukraynanın aqibətinin həll olduğu versiyasını da ortaya qoyurdu. Moskva üçün Venesuela postsovet məkanından kənarda ABŞ-a qarşı geosiyasi mövcudluğun nadir platformalarından biridir. ABŞ üçün isə Venesuela Qərb yarımkürəsində Rusiya və Çin təsirinin məhdudlaşdırılması baxımından əsas prioritetlərdən sayılır".
Politoloqun fikrincə Ukrayna böhranı ilə Venesuela arasında birbaşa deyil, lakin funksional əlaqə mövcuddur. Ukrayna Rusiya üçün fundamental təhlükəsizlik və nüfuz zonasını təmsil etdiyi kimi, Venesuela da ABŞ üçün analoji strateji məkan hesab olunur: "Bu səbəbdən tərəflər arasında açıq şəkildə ifadə edilməsə də, Venesuela məsələsi əlbəttə ki, müzakirə edilib, lakin hər iki məsələ ilə bağlı sinxronluğun olmaması yekun qərar verilməməsi versiyasını ortaya qoyur.
Qısası, Venesuellada baş verən proseslər lokal siyasi dəyişiklikdən daha çox, qlobal geosiyasi dinamikanın tərkib hissəsi kimi dəyərləndirilməlidir və növbəti zəngin ərazi uğrunda ilk növbədə məhz iqtisadi mübarizədir".