“Müasir dünyada təhlükəsizlik və güc əsas amilə çevrilib, bu, qarşılıqlı dəstək və müdafiə potensialının artırılması məqsədi daşıyır. Azərbaycanın mövqeyi güclü olmaqla yanaşı, ədalətə, məsuliyyətə və beynəlxalq sabitliyə sadiq qalmaqdır”.
Prezident İlham Əliyev Azərbaycannın siyasi yol xəritəsini daim dəqiqliyi ilə göstərir. Cənab Prezident yerli telekanallara verdiyi müsahibədə dövlətimizin mövqeyini bir daha nümayiş etdirdi. Bildirdi ki, Azərbaycan ötən il fəal, təşəbbüskar və çoxistiqamətli xarici siyasətini davam etdirib. İstər ABŞ, Çinlə münasibətlərdə, istərsə Cənubi Qafqazda, eləcə də qardaş Türkiyə, həmçinin Avrasiya məkanında, o cümlədən Türk Dövlətləri Təşkilatında və ümumən türk coğrafiyasında mövqelərini gücləndirib. Vaşinqtonda imzalanan Azərbaycan–Ermənistan Birgə Bəyannaməsi regional sülhün əsasını qoyub. Azərbaycan artıq “orta güc” kimi qəbul olunur, 27 ölkə ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malikdir. Bundan əvvəl Qəbələdə keçirilən TDT Sammitində çıxışı zamanı da cənab Prezident türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi vacibliyindən danışmışdı, qeyd etmişdi ki, TDT-nin sabitlik və rifah naminə mühüm platformadır.
Tədqiqatçı jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gün Azərbaycanın iki regional təmərküzləşmənin lokomotivi olması reallıqdır; Şərti adı Turan olan Türk Dövlətləri. Və şərti adı Qafqaz evi olan Cənubi Qafqaz Dövlətləri:
- Heç kimə sirr deyil ki, Türk Dövlətlərinin inteqrasiyasının əsas mərkəzi Azərbaycandır. Rəsmi Bakı son illər həm rəsmi, həm də qeyri-rəsmi görüşlərin təşkilatçısı kimi Türk Dövlətlərinin bir araya gəlməsinə çalışır. Formatı gemişləndirir. QKTC belə görüşlərdə iştirakının təmin edilməsi, Macarıstanın bu birliyə inteqrasiyası üçün atılan addımlar və sairə. Buna görə də Azərbaycanı Türk birliyinin daha da möhkəmlənməsi və təşəkkül tapması üçün irəlidə gedən bir lokomotivə bənzətmək olar. Əlbəttə ki, bu birlikdə olan dövlətlərin müxtəlif maraqları var. Amma onların bir arada tutulması üçün daim cəhdlər göstərmək və bu ideyanı gələcəyə daşımaq üçün Azərbaycan daim çalışır. Ola bilsin ki, bu gün bu birlik beynəlxalq aktor kimi hələ tam oturuşmayıb. Bu cəhdləri strateji baxış bucağından qiymətləndirmək lazımdır. Azərbaycanın lokomotiv rolunda çıxış etdiyi ikinci platforma isə heç şübhəsiz ki, Qafqaz Evi ideyasıdır. Azərbaycan sülhə nail olmaqla bu ideya üçün yeni üfüqlər açmış oldu. Qafqaz Evi ideyası reallaşması regionda sülh və əmin-amanlıqla yanaşı iqtisadi sıçrayış da yaşanacaq. Və bunun da açar nöqtsi məhz Azərbaycandır. Ola bilsin ki, bu gün Qafqazdakı ənənəvi aktorları - İranı və Rusiyanı qıcıqlandırmamaq üçün Qafqaz Evi çox da işlədilmir. Amma aparılan siyasətin məhz bu istiqamətdə getdiyini göstərir. Bu iki təmərküzləşmənin isə maraqlı kəsişmə nöqtələri var. Azərbaycanın liderliyi ilə Qafqaz Evinin reallaşması sözsüz ki, strateji müttəfiqimiz olan Türkiyənin də maraqlarına cavab verəcək. Eyni zamanda Türk dövlətlərinin. Türk Dövlətləri birliyinin formalaşması isə Qafqazda qonşularımız olan Ermənistanın və Gürcüstanın ürəyincə olacaq. Çünki onlar da Azərbaycan vasitəsi ilə bütün türk dünyasına əlavə bir qapı açmış olacaqlar.