AZAL qiymətləri "AZALTDI"

24 noyabr 2023-cü il, Bakı – Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başladı.
AZAL-dan verilən məlumata görə, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər. AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.
Təklif ilə bağlı fikirlərini bölşən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Azal son vaxtlar müxtəlif endirim kompaniyaları ilə yadda qalır:

"Qara cümə" trendinə və digər güzəştlərə qoşulmaları yeni rəhbərliyin yeni imic formalaşdırma addımları kimi qiymətləndirmək olar. Çünki Azal ilə bağlı ölkədə imicin formalaşdırılmasına dair çox ciddi problemlər var idi. Azərbaycanın ən böyük aviaşirkəti olan Azalın cəmiyyətdə biletləri baha qiymətə satmasına dair fikirlər formalaşıb.Təkliflər isə bu fikirlərin aradan qaldırılmasına dair imicin təşkil edilməsinə xidmət edir. Təbii ki, doğru istiqamətə yönəlmiş addımdır".