Hotellər peşəkar, xarici dil bilən kadrlar istəyir-EKSPERT

Elm və Təhsil Nazirliyi sənaye ekspertlərinin təklif və tövsiyələrini dinləməli, nəzərə almalıdır

“Turizm sənayesi ilə təhsil ocaqları arasındakı əməkdaşlıq sıx olarsa, tələbələrin iş tapması, karyeralarında yüksəliş əldə etmələri bir o qədər uğurlu olar”

  “Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) istisna olmaqla ölkədə heç bir ali məktəbdə mehmanxana və restoran biznesi ilə bağlı dərslər tədris edilmir”. Bunu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi-praktiki konfransda Universitetin kafedra müdiri Novruz Quliyev bildirib. "Hazırda Azərbaycanda 10 ali təhsil müəssisəsində turizm ixtisası var. Təəssüf ki, məzunlarımız işə qəbul olunduqda yenidən onlara hotel və restoran biznesi ilə bağlı məsələlər öyrədilir. Biz düşündük ki, turizm ixtisasının tərkibində bir neçə əlavə fənn keçirilməlidir. Müasir dövrün tələblərinə uyğun fənlərin tədrisinə üstünlük vermək daha doğru olar. Bunun üçün müzakirələr aparılmalıdır. Gənclər 4 il təhsil alır, amma iş tapa bilmir. Biz Türkiyə və digər ölkələrin təcrübəsini araşdırdıq. Məsələn, Antalyada hotelçilik və restoran biznesi ilə bağlı akademiya fəaliyyət göstərir. Hesab edirəm ki, biz təcili şəkildə bu sahədə fəaliyyətə başlamalıyıq. Bu gün hotellərdə əsas problemlərdən biri ixtisasını anlamamaq və xidmət sektorunun tələblərini bilməməkdir”, - deyə o qeyd edib.
  Universitet rəsmisi əlavə edib ki, hazırda ali təhsil müəssisələrində turizmlə bağlı təxminən 25-30 ixtisas olsa da, onların bəziləri bu gün aktuallığını itirib.
  "Biz turizm ixtisası üzrə bir sıra yeni fənlərin tədrisini təklif edirik. Bu fənlər araşdırmalar nəticəsində müəyyən edilib. Qeyd etdiyim kimi, bir sıra ölkələrin turizm sahəsində təhsil və biznes sektorunu müzakirə etdikdən sonra qərar verdik ki, bizdə bir sıra yeni modullar tədris edilsin. Onlar əsasən “qonaqpərvərlik sənayesi”, “qida və içki”, “qida təhlükəsizliyi, HACCP sistemi” və “ön büronun fəaliyyəti” ilə bağlı modullardır. Məsələn, qonaqpərvərlik sənayesi modulu bu sahə ilə bağlı əsas məlumatları təqdim edir və qonaqpərvərlik sənayesində geniş iş təcrübəsi olmayan şəxslər üçün xüsusi hazırlanıb. Qida ve içki modulu öyrənilərkən tələbələr qida və içki şöbəsinin fəaliyyətini təşkil etmək, planlaşdırmaq və idarə etmək, qida istehsalı və qonaqlara xidmət prosesini idarə etməyi öyrənir. Qida təhlükəsizliyi, HACCP sistemi modulunda təhsil alanlar isə risk və kritik nəzarət nöqtələrinin analizi (HACCP) əsasında qida təhlükəsizliyi metoduna baxılır. Ön büronun fəaliyyəti modulu vasitəsilə tələbələr ön büronun məqsədini, digər şöbələrlə əlaqəsini və bütün hotelin fəaliyyətindəki əhəmiyyətini başa düşə biləcəklər. Bu təkliflərimizin müzakirəsinə açığıq, əlavə və dəyişikliklərin edilməsi mümkündür”.
  Tədbirdə çıxış edən “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Qurbanov isə bildirib ki, postpandemiya dövründə inkişaf edən turizm sektoru yeni çağırışlarla üz-üzədir: “Qonaqpərvərlik sənayesinin genişlənməsinə ehtiyac var. Bunun üçün isə yerli ixtisaslı kadrlar lazımdır”.
 
Sözügedən elmi-praktiki konfransda iştirak edən turizm eksperti Ceyhun Aşurov isə “Sherg.az”a açıqlamasında deyib ki, hotelçilik və qonaqpərvərlik ixtisası ilə bağlı ATMU-da kafedra fəaliyyət göstərir. Turizm ixtisası  üzrə təhsil verən digər ali təhsil müəssisələrində isə “Ümumi turizm” və “Turizm menecmenti” kimi  ixtisaslar tədris edilir: 
“Sözsüz ki, turizm ixtisası üzrə təhsil alan və yaxud başqa sahə üzrə ixtisaslaşan  məzunlara işə adaptasiya olmaq üçün iş yerlərində daxili treninqlər keçirilir”. Hotellərdə ixtisaslı kadrlara böyük tələbat olduğunu vurğulayan C.Aşurov deyib ki, sahibkarlar hazırlıqlı kadr axtarır. İşsiz gənclər isə hotellərin tələb etdiyi şərtlərə cavab verə bilmir: “Turizm sahəsi üzrə təhsil alan məzunlar işəgötürən tərəfin tələblərinə mütləq cavab verməlidir. Bunun üçün də təhsil müəssisələri tələbələrə sadəcə nəzəri deyil, praktik bilgiləri də aşılamalıdır. Son illər bu sahədə bir qədər irəliləyiş var. Ali təhsil müəssisələri tələbələri təcrübə üçün özəl müəssisələrə göndərirlər ki, oxuduqlarını  əyani görmək şansları olsun. Lakin təhsil proqramı hazırlanarkən sənayenin tələbləri də nəzərə alınmalıdır. 4 il turizm sahəsi üzrə təhsil alan bir gəncin xarici dil biliklərinin zəif olması, bəzən heç olmaması hallarına rast gəlinir ki, bu da  təbii olaraq hotelçilik və restoran sahəsində çalışmaq istəyən biri üçün qəbulolunmazdır. Heç bir sənaye müəssisəsi belə bir  məzunu işçi olaraq götürmək istəməz. Ona görə də bu sahələr üzrə kadr hazırlayan universitetlər, təhsil proqramı hazırlayan Elm və Təhsil Nazirliyi  sənaye ekspertlərinin təklif və tövsiyələrini dinləməli,  nəzərə almalıdır.  Məzunların böyük hissəsi işsiz qalır deməzdim, çünki bir hotel açılan zaman ora onlarla işçi qüvvəsi tələb olunur.  Peşəyönümlü ixtisaslara yiyələnmiş kadrlar cəlb olunur. Lakin öz sahəsinin peşəkarı olan, xarici dil bilən savadlı kadrlara xüsusi ehtiyac yaranır”.
 
 C.Aşurovun fikrincə, turizm sənayesi ilə təhsil ocaqları  arasındakı əməkdaşlıq sıx olarsa, tələbələrin iş tapması, karyeralarında yüksəliş əldə etmələri bir o qədər uğurlu olar: 
“Bunun üçün də tələbələrə praktik təlimlər keçirilməli, mütəmadi olaraq  iş adamlarının  təhsil müəssisələrində  ustad dərsləri keçməsinə can  atılmalıdır. Bütün prestijli hotellər peşəkar kadr axtarır, amma bu kadrların yetişdirilməsi məsələsinə hər hansı təşəbbüs görmürük. Bu sahədə olan peşəkarlar özləri də kadr yetişdirilməsində öz bilik-bacarıqlarını bölüşməlidirlər. Hazırda 6-7 təhsil müəssisəsi ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq çərçivəsində ötən il hotelçilik üzrə təhsil alan 40, bu il isə 60 tələbə hoteldə təcrübəyə cəlb edilib. Hər həftə həmin tələbələrin sənaye sahəsindən olan mütəxəssislərlə görüşü keçirilir. Tələbələr təhsil müəssisəsində aldıqları nəzəri bilikləri əyani olaraq təcrübə müddətində tətbiq edir və ya təkmilləşdirirlər”.