Hər bir xalqın, millətin, ölkənin gəncləri onun bu günü, sabahı, ümididir -PROFESSOR

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi

Vətənpərvər ruhda gənclik yetişir


II Qarabağ müharibəsində qələbəni təhsil ocaqlarında aparılmış tərbiyə işinin nəticəsi kimi dəyərləndirmək olar


  Gənclik enerji, təşəbbüskarlıq, yaradıcılıq və yenilikçilik deməkdir. Dünya təcrübəsi göstərir ki, tarixi ənənələri, mütərəqqi dəyərləri mənimsəmiş, milli ideologiya ətrafında sıx birləşmiş, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmuş – yetişmiş gənclik inkişaf mənbəyidir. Çünki cəmiyyətin dinamik və aparıcı qüvvəsi olan gənclərin fiziki və mənəvi potensialından səmərəli, məqsədyönlü şəkildə istifadə edilməsi həm milli tərəqqiyə mühüm töhfə verir, həm də parlaq perspektivlər formalaşdırır. Burada əsas strateji məqam dövlətin uğurlu, milli maraqlara və müasir çağırışlara əsaslanan gənclər siyasəti həyata keçirməsidir.
  XX əsrin 90-cı illərinin əvvəlindən bu günə qədər dünyanın ictimai-siyasi mənzərəsinə nəzər saldıqda müxtəlif ölkələrdə çoxsaylı kataklizmlərin, qarşıdurma və ziddiyyətlərin baş verdiyini görürük. Təbii ki, siyasi, iqtisadi, sosial və digər amillərlə əlaqədar baş verən bu hadisələr – cərəyan edən proseslər bir çox hallarda həmin xalqlar üçün çox ağır fəsadlara səbəb olur, ölkələr uzun müddət xaos və anarxiya məkanına çevrilir. Belə konfrontasiyaların meydana çıxmasında, eyni zamanda bəzi xarici güc mərkəzlərinin təhriki və təşviqi də xüsusi rol oynayır. Həmin qüvvələr müxtəlif vasitələrlə təsir altına saldıqları gənclərdən də ölkələrin milli maraqlarına qarşı istifadə edirlər. Təbii ki, cəmiyyətdə ideoloji boşluqların hökm sürməsi, gənclərin milli ruhda, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmamaları xarici qüvvələrin müdaxiləsini asanlaşdıran neqativ amil kimi çıxış edir.
  Xalqımızın xoşbəxtliyi ondadır ki, Azərbaycanda milli maraqlara əsaslanan dövlət siyasəti nəticəsində geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb. Belə bir şəraitdə Azərbaycan gəncliyi də həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib. Bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir.
  Azərbaycanda uğurlu – tarixi ənənələrə, ictimai və milli dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına, reallıqlarına uyğun gənclər siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Heydər Əliyev qeyd edirdi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.
  Qeyd edək ki, vətənpərvərlik tərbiyəsi Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır.
  Təqdirəlayiq haldır ki, son zamanlar ölkəmizdə fəaliyyət göstərən  təhsil ocaqlarında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə mütəmadi görüşlər təşkil olunur. Son 3 ayda isə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbənin 3-cü ildönümü münasibətilə bu görüşlərin sayı artırılıb. Bununla yanaşı, məktəblərdə uşaqlara dövlət rəmzləri, ölkənin zəngin tarixi, mədəni irsi öyrədilir, vətənə məhəbbət hissi aşılanır. Müxtəlif hökumət və qeyri-hökumət qurumlarının uşaq, yeniyetmə və gənclər arasında hər il təşkil etdiyi bilik müsabiqələri, Azərbaycanın bölgələrini, mədəniyyətini, tarixini tanıdan layihələr də vətənpərvərliyin güclənməsinə və bu ideologiyanın nəsildən-nəslə ötürülməsinə töhfədir.
  “Dərbənd” İctimai Birliyinin sədri, professor Nurulla Əliyev "Sherg.az"a təhsil müəssisələrində gənclərə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanmasının hər zaman  üçün aktual olduğunu deyib.

 Onun sözlərinə görə, bu görüşlərin  məqsədi gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsidir. Gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixi adət-ənənələrimizə bağlılığı, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi istiqamətində görülən işlər, həyata keçirilən layihələrin sayı artırılmalıdır. 
  N.Əliyev ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışıb. Qeyd edib ki, Vətən müharibəsi, eləcə də, digər uğurlu əməliyyatlarda Qələbənin qazanılmasını təmin edən mühüm amillərdən biri də gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. Professor təhsil müəssisələrinfə  gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlərin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib. Onun fikrincə, Azərbaycan xalqının II Qarabağ müharibəsində qələbəsini, gənclərin vətən uğrunda əzmlə döyüşməsini, yüksək vətənpərvərlik göstərməsini təhsil ocaqlarında aparılmış tərbiyə işinin nəticəsi kimi dəyərləndirmək olar.