Həkim reseptlərinin yeni qayda ilə yazılması üçün sistem tam hazırdır və 2024-cü il yanvarın 1-dən istifadəyə veriləcək. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən bildirilib. Qeyd edilib ki, dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir:
"Həmçinin, “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklərə əsasən, yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar". Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı "Sherg.az"a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, elektron reseptlər, dərman maddələrinin qeydiyyatı üzərinə nəzarəti həyata keçirmək məqsədi daşıyır:
"Əlavə olaraq, dərmanların təyinatı zamanı sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir. Yəni, həkimin hansısa bir marağı olmayacaq. Sadəcə olaraq kimyəvi tərkibi qeyd edəcək. Bu zaman təhlükə qalır ki, aptek şəbəkəsində dərman firmaları ilə əlaqə yaranacaq və hər şey aptekin ixtiyarında qalır. Nəticədə aptekin korporativ marağı yaranır. Onsuz da apteklər bu vəziyyətdən yaxşıca istifadə edirlər. Həkim təyin etdiyi dərmanın olduğunu inkar edirlər, öz mənfəətlərinə uyğun peraparatları satırlar. Bu faktla dəfələrlə üzləşmişik. Dərman maddələrinin bir anbardan xəstəyə çatması üçün bir xətt nəzərə alınsa da, digərləri diqqətdən kənarda qalır. Ona görə belə olduğu halda problem həllini tapmayacaq".