Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Valideynlər və müəllimlər arasında keçirilən sorğu da bunu təsdiqləyir
“Müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər”
Azərbaycan şahmatçılarının il ərzində əldə etdiyi uğurların sayı çoxdur. Təbii ki, bu, hər birimizi sevindirir. Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, 2023-cü il şahmat üçün məhsuldar keçib: “Azərbaycan bu il ərzində bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Bunlardan biri də ölkəmizdə keçirilən şahmat üzrə Dünya Kubokudur. Bu yarışda iştirakçı sayı çox idi. Xeyli sayda tanınmış xarici şahmatçılar burada iştirak etdilər. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində federasiya tərəfindən silsilə tədbirlər təşkil olundu. Azərbaycan şahmatçıları həm Avropa çempionatlarında, həm də beynəlxalq turnirlərdən xeyli sayda medallarla geri döndülər. Nəticələrimiz həddən artıq çoxdur. Digər yaxşı hal da odur ki, biz gənc və kiçik yaşlı şahmatçılarımızı kəşf etdik. Onlar da ölkəmizi iştirak etdikləri Avropa çempionatlarında və yarışlarda layiqincə təmsil etdilər. İl ərzində federasiya və Gənclər və İdman Nazirliyi birgə şəkildə fəaliyyət göstərib. Bütün bunlar da birgə əməkdaşlığın nəticəsində ərsəyə gəlib. Əlbəttə ki, dövlət dəstəyi olmadan bu nəticələrə imza atmaq olmaz. Cənab Prezident İlham Əliyev hər zaman idmana və idmançılarımıza yüksək diqqət və qayğı göstərir”.
Məlumat üçün bildirək ki, Azərbaycanda şahmata dövlət səviyyəsində qayğı hələ SSRİ zamanından göstərilib. Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi çalışdığı illərdə ölkədə şahmat məktəblərinin açılması, Şahmat Federasiyasına lazımi dəstək verilməsi üçün əlindən gələni əsirgəməmişdi. Bu yol müasir dövrdə layiqincə davam etdirilir. Prezident İlham Əliyev digər növlər kimi şahmatı da diqqətdən kənarda qoymur, beynəlxalq turnirlərdə yüksək nəticələrə imza atan zəka ustalarımızı mütəmadi qəbul edir.
Şahmat oynamaq ilk növbədə beynin intellektual bacarıqlarını artıran böyük bir məşqdir. Oyun zamanı beynin hər iki yarımkürəsi eyni zamanda və sinxron əməliyyat apararaq işləyir və nəticədə, məntiqi və mücərrəd təsəvvür fəal inkişaf edir. Şahmat oyunu zamanı məntiqi komponentlərin, savad və ardıcıllıq zəncirlərinin qurulması işinə cavab verən beynin sol yarımkürəsi işə qoşulur.
Şahmatla məşğul olan uşaqlarda bir yerdə otura bilmək qabiliyyəti formalaşır, çünki bu zaman diqqət bir yerə cəlb olur. Ələlxüsus da hiperaktiv – yəni bir an belə dayanmadan hərəkətli olan uşaqların şahmatla məşğul olması xüsusilə vacibdir. Çünki şahmatla məşğul olarkən onlar daha sakit və stabil olurlar. Şahmat oynayarkən oyunçu gah uzunmüddətli, gah da qısamüddətli və həmçinin də operativ yaddaş deyilən yaddaşını işə salır ki, bu zaman da həm vizual, həm rəqəmli, həm də rəng məlumatlarından istifadə edir. Müşahidələr göstərir ki, şahmat oynayan uşaqlarda zəka reaksiyanın sürəti daha yüksək olur. Onlar dərslərində, xüsusən də, dəqiq elmlərin öyrənilməsində daha müvəffəq olurlar.
Şahmat oynayarkən uşaq məntiqi cəhətdən müstəqil düşünməyi və düşünərək qərar qəbul etməyi öyrənir. Hətta ilk baxışda sadə görünən “hansı fiqurla gediş edim?” fikri uşaqda düzgün düşünmə və vaxtında qərar qəbul etmə bacarığı yaradır. Onlarda hətta məktəbəqədər yaş dövründə lazım olan hərəkətlərin, məqsədə çatmaq üçün atılmalı olan addımların planlaşdırılması əsas amildir. Şahmat uşaqlara səhv olan qərarı tələsik qəbul etməməyi öyrədir. Statistik analizlər sübut edir ki, şahmat oynamağı bacaran insanlardan görkəmli mütəxəssislər, alimlər, bir sözlə, böyük insanlar yetişir.
Yaradıcı özünütəsdiqetmə
Şahmatın əhəmiyyətli keyfiyyətlərindən biri də uşaqlarda yaradıcı təfəkkürün inkişafında bir məktəb rolu oynamasıdır. Şahmat təklikdən çıxış yolu, aktiv istirahət, özünütəsdiq vasitəsidir. Rəqiblə oyun oynayarkən uşaq yavaş-yavaş özü ilə oyun oynamanın yollarını tapır və başa düşür ki, vəziyyəti modelləşdirmək, gedişlər ardıcıllığını tapmaq onu praktikada tətbiq etməkdən effektlidir. Beləliklə, onun beyni zaman keçdikcə informasiyanı təkcə yadda saxlamağa yox, həm də onu tətbiq etməyə uyğunlaşır. Bu zaman daha səmərəli ideyaların axtarışı, müəyyən nailiyyətə çatmaq üçün qeyri-standart qərarların qəbul edilməsi bacarığı inkişaf edir.
Bundan başqa, uşaq yaşlarından şahmatla maraqlananlar güclü inkişaf üçün həm şəxsi, həm də intellektinin inkişafı üçün sanki təkan alır. Şahmat oynayan uşaqlar utancaqlıqdan xilas olmağa, bununla bərabər, münasibət yaratmaqda daha fəal olmağa başlayırlar. Bu zaman onlarda yaxşı mənada inadkarlıq, məqsədə doğru irəliləmələrində cəsarət müşahidə olunur. Şahmat taxtası arxasında yaranmış mübarizlik ruhu onda döyüşkənlik xarakteri formalaşdırır. Nəticədə, uşaq yüksəkiradəli, qətiyyətli, qələbə əzmli, qələbəyə can atan şəxsiyyət kimi yetişir. İstənilən oyunçunun rastlaşdığı uduzmaq hissi isə uşaqda məğlubiyyəti asanlıqla həzm edə bilmə, özünütənqid hisslərinin yaranmasına, atdığı addımların məsuliyyətini hiss etməyə və bundan nəticə çıxarmağa sövq edir.
Təhsil eksperti Kamran Əsədovun "Sherg.az"a bildirdiyi sözlərinə görə, əvvəllər şahmat bacarıqları fiziki tərbiyə fənninin daxilində il ərzində 3-5 saat ayrılmaqla tədris olunurdu:
"Hazırda ölkədə nəhəng idman qurğuları tikilir və ya yenilərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Şahmatçılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi, ölkəmizin müxtəlif növ şahmat turnirlərinə ev sahibliyi etməsi, bu kimi uğurların ildən-ilə artmasının səbəbi şagirdlərin erkən yaşlardan şahmatla orta məktəbdə tanışlığı, onlarda ilkin bilik və bacarıqların formalaşdırılmasıdır. Təkcə orta məktəblərdə yox, eyni zamanda bütün rayonlarda yeni şahmat məktəbləri tikilib, uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb”.
O qeyd edib ki, şahmat hər bir insanın təfəkkürünü, düşüncəsini, hafizəsini formalaşdırır:
“Şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında mühüm rol oynayır. Bu da hər bir məktəbli üçün vacib şərtlərdəndir. Bu sahədə qazanılan uğurlar şahmat təliminin daha yüksək səviyyədə davam etdirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır. Şahmatın tədrisinin ümumtəhsil məktəblərində dərs proqramına daxil edilməsi, uşaqların intellektual biliyinin inkişafında böyük təsiri var. Onlar ən çətin vəziyyətlərdə çıxış yolu tapmağı, mühakimə yürütməyi bacarırlar, zehinləri inkişaf edir. Həmçinin başqa fənlərə də maraqları artır. Şahmatla məşğul olan uşaqların digər şagirdlərlə müqayisədə böyük fərqi var. Şahmatla məşğul olan uşaqların məntiqi təfəkkürü güclü olur. Valideynlər arasında keçirilən sorğu da bunu dəstəkləyir. Müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər”.