Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəyə çıxarılıb.
Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Qeyd edilib ki, Azərbaycanda 2022-ci ildə qeydə alınmış cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxsin 7455-i qadınlar olub.
Zərərçəkmiş qadınlardan 2945-i xəsarət alıb, 309-u isə ölüb. Onlardan 24-ü yetkinlik yaşına çatmayan olub.
Azərbaycanda 2022-ci ildə 15 nəfər qadının cinsi zorakılığa məruz qalması ilə bağlı təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175(2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb. Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir.
“Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.