Bakı-Sumqayıt yolunda cəza tədbirləri sərtləşdiriləcək
“İctimai nəqliyyatda sıxlığın, narazılığın əsas səbəbi Bakıda əhali sayının artmasıdır”
Gələn il yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında bildirib.
Onun sözlərinə görə, avtobus zolaqları tətbiq ediləcək: “Taksi fəaliyyətinin keyfiyyəti artırılacaq. Həmçinin sərnişin daşımalarında yeni maliyyə model pilot layihə kimi tətbiq ediləcək”. A. Razyev deyib ki, şəhərdə "dar boğazların" həll edilməsi üçün infrastruktur layihələrin icrasına başlanılacaq və hərəkətini yenidən təşkili layihələri icra ediləcək: “Velosiped və skuter istifadəsi genişləndiriləcək".
AYNA sədrinin sözlərinə görə, ötən ilin statistik rəqəmləri göstərib ki, daşıyıcılardan 5-nin avtobus parkının orta yaxşı 7 il, qalan 22-nin isə 12 il olub.
"Azərbaycanda avtobus parkı köhnə olan daşıyıcıların sayı çoxdur. Vəziyyətdən çıxış yolu kimi 270-dən çox yeni avtobusun istismara qaytarılması planlaşdırılır. 2022-ci il sentyabrın 15-nə olan məlumata görə, Bakıda xəttə çıxmalı olan sərnişin avtobuslarının sayı 2 244 əvəzinə 1 730 olub.
A.Rzayev deyib ki, 2030-cu il üçün əsas hədəf Azərbaycanda daha təhlükəsiz, ekoloji təmiz nəqliyyatın təşkil edilməsidir. Onun sözlərinə görə, məqsəd şəhərin mərkəzində şəxsi avtomobillərdən istifadəni azaltmaqdır: “Hədəflərə nail olmaq üçün birinci mərhələdə - 2025-ci ilə qədər 300 milyon səfəri şəxsi nəqliyyat vasitəsindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır”.
"Bakının ən yaxşı şəhərlər reytinqində ilk 30-luğa daxil olması əsas hədəflərdəndir. Yol-nəqliyyat hadisələrinin sayının azaldılması da əsas məqsədlərdəndir", - deyə nazir müavini əlavə edib.
AYNA sədri həmçinin qeyd edib ki, Azərbaycanda taksi xidməti sahəsində aparılan islahatlar nəticəsində Bakıda taksi səfərlərinin sayı təxminən 14 faiz azalıb.
Təhlillərə istinad edən A. Rzayev bildirib ki, xüsusilə taksi ilə metroya və yaxud metrodan edilən səfərlərin sayı ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8,5 km-dən 10 km-ə çatıb. Həmçinin avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb.
Bundan başqa, nazir müavini bildirib ki, taksi sifarişi operatorları icazə əsasında fəaliyyət göstərməyə başlayıb, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün taksi sürücüləri təlimlərə cəlb edilib: "AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə bu günə qədər 14 mindən çox sürücü müraciət edib. Onlardan 11 mindən çoxu təlimlərdə iştirak edib. Amma bu, məsələnin tam həlli deyil. Növbəti ilin əvvəlində taksi nəqliyyat vasitələrinə texniki tələblər tətbiq ediləcək. Hazırda tələblərin təsdiq edilməsi son mərhələdədir".
Bakıda avtobus marşrutlarının optimallaşdırılması üzərində iş gedir
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə deyib ki, Azərbaycanda sərnişindaşıma sahəsində yeni dayanıqlı maliyyə modeli hazırlanıb. O bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. "Sərnişindaşıma sahəsində hazırkı vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var".
Nazir müavini qeyd edib ki, ictimai nəqliyyat hər nə qədər sosial ağırlıqlı bir sahə olsa da, burada iqtisadi maraqlar da qorunmalıdır: “Proseslər zəncirvari olaraq bir-biri ilə əlaqəlidir. Sahəvi nazirlik olaraq biz dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması üzərində çalışırıq. Bu məqsədilə tərəfimizdən yeni dayanıqlı maliyyə modeli hazırlanıb və növbəti ildən tətbiqinə başlanılacaq".
Avtobus marşrutlarının optimallaşdırılması ilə bağlı hazırlığın yekunlaşmaq üzrə olduğunu xatırladan R.Hümmətov deyib ki, əsas məqsəd vətəndaşlara daha yaxşı xidmət göstərməkdir. Həmçinin daşıyıcıların avtobus parkının yenilənməsi üçün də iş aparılır: “Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Biz bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil etdik. Bu isə həmin istiqamətdə 1 800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını almağa imkan verib. Hesab edirəm ki, hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var".
Avtomobil yollarında elektron tərəzilərin sayının artırılması nəzərdə tutulur
Nazir müavininin sözlərinə görə, Bakı-Sumqayıt yolunda təşkil edilən xüsusi avtobus zolağından digər nəqliyyat vasitələrinin istifadəsinin qarşısını almaq üçün cəza tədbirləri sərtləşdiriləcək. Onun sözlərinə görə, yeni cəza tədbirləri tezliklə tətbiq ediləcək: "Həmin zolağa daxil olan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Biz onlara qarşı cəza tədbirlərini sərtləşdirməyi düşünürük. Həmin yolda həm nəzarət-müşahidə avadanlıqlarının qurulması, həm də digər tədbirlərin görülməsi planlaşdırılır. Artıq bununla bağlı layihə hazırlanıb və tezliklə yeni qanun qüvvəyə minəcək”.
“Azərbaycanın avtomobil yollarında elektron tərəzilərin sayının artırılması nəzərdə tutulur. Bunu da R. Hümmətov bildirib. O qeyd edib ki, elektron tərəzilərin qurulması nəticəsində bütün yollara nəzarət etmək mümkün olub. Magistral yollarda tərəzilərin quraşdırılması yeni layihədir: “Oradan keçən yük maşınlarının çəkisinin müəyyənləşdirilməsi mümkündür. Artıq 3 nöqtədə bu iş yekunlaşdırılıb. Növbəti il magistral yollarda 31 məntəqədə 51 belə tərəzi quraşdırılması planlaşdırılır. Təəssüf ki, ilk ay ərzində toplanan məlumatlara əsasən deyə bilərik ki, hazırda bu tələbləri pozan ağırtonnajlı yük maşınlarının hərəkəti müşahidə edilir. Daxili İşlər Nazirliyi ilə birlikdə apardığımız mübarizəyə baxmayaraq, əlimizdə 10 mindən artıq qayda pozuntusu faktı var. Qanunvericilikdə bu istiqamətdə dəyişiklik təklif edilib. Dəyişikliklər hazırdır və daha ağır cəza metodları hazırlanır. Nə qədər ki, gec deyil, bu tip qayda pozuntusuna yol verən sürücülər bundan çəkinsinlır. Bundan sonra qaydaları pozan şəxslərə qarşı daha ağır cəza tədbirləri görüləcək. İlkin olaraq 600 manat cərimə tətbiq ediləcək, daha sonra isə bu cəza tədbirləri daha da sərtləşdiriləcək”.
17 mindən çox parklanma yeri təşkil edilib
Nazir müavininin açıqlamasına görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyatın olması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir. Hətta artıq Laçın rayonu, o cümlədən Laçın-Zabux istiqaməti ilə bağlı planlar hazırdır. Şuşa şəhəri ilə bağlı da addımlar atılır.
R.Hümmətov son günlər Azərbaycanın gömrük postlarında yük maşınlarının sıxlığının yaranmasına da münasibət bildirib: “Son illər ölkəmizə məxsus yükdaşıyan nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əvvəl cəmi 2 000 yükdaşıyan nəqliyyat vasitəsi var idisə, bu gün bu rəqəm 12 600-a çatıb. Gömrük keçid məntəqələrinin genişləndirilməsi gündəmdədir və bu istiqamətdə də addımlar atılır. Amma bu, sinxron şəkildə olmalıdır. Azərbaycan-Gürcüstan sərhədində yük maşınlarının nizamlanmasına baxanda bu ölkənin Türkiyə və digər ölkələrlə sərhədindəki mənzərəni də nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, ölkəyə idxal edilən yük maşınlarının sayı 36-37 faiz artıb".
İndiyə qədər Bakıda "Azparking" mobil tətbiqi vasitəsilə müxtəlif zonalarda 17 mindən çox parklanma yeri təşkil edilib.
R.Hümmətovun sözlərinə görə, bu proses yaxın bir-iki ay ərzində başa çatacaq: “Mövcud parklanma yerlərinin təhlili, ehtiyac olan yerlərdə parklanma yerlərinin təşkili ilə bağlı təhlillər isə davam edəcək. Bu layihə uğurla icra olunur. Parklanmanın məqsədi vəsait toplanması deyil, ilk növbədə şəhərdə nəqliyyat axınının təşkil edilməsidır. Mövcud parklanma yerlərindən daxil olan vəsaitlə yeni parklanma yerlərinin salınması əsas məqsədlər içərisindədir. Bəzi hallarda vətəndaşlardan parklanmaya görə qanunsuz ödəniş tələb edilir. Bakıda parklanma zonalarında həftə sonu və həftə içi saat 22:00-dan saat 07:00-a qədər avtomobillərin parklanması ödənişsizdir və vətəndaşlardan parklanma ilə bağlı ödənişin tələb edilməsi qanunsuzdur. Vətəndaşlar hüquqlarını bilməlidirlər və onlar ödəniş etməkdən imtina etməlidir, "Azparking"ın əməkdaşları belə onlardan pul tələb edə bilməz. Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində xoşagəlməz halların qarşısının alınmasına çalışırıq. Bu hallar kütləvi deyil, bəzi hallarda bəzi yerlərdə baş verir".
Nazir müavini hazırda Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələnin müzakirə edilmədiyini vurğulasa da, əlavə olaraq qeyd edib ki, Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur: “Amma ictimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı bir konkret fikir yoxdur. Bu qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq və tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ diqqətdən kənardır. Sadəcə bu məsələ müəyyən ərazilərin olmasını tələb edir".
Metroya yeni qatarların gətirilməsinə ehtiyac var
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, ictimai nəqliyyatda sıxlığın, narazılığın əsas səbəbi Bakıda əhali sayının artmasıdır:
“Əhali sayı artdıqca sıxlıq yaranır. Bu zaman da içtimai nəqliyyatın öhdəsinə böyük yük düşür. Təəssuf ki, şəhərdə ictimai nəqliyyat avobus və metrodan ibarətdir, çoxşaxəli deyil. Düşünürəm ki, metroya yeni qatarların gətirilməsinə ehtiyac var. Həmcinin ictimai nəqliyyatın avtobus seqmentində marşruta buraxılan avtobus sayını artırmaq lazımdır. Artıq neçə ildir, özəl daşıycılar haqqında tələb qoyulur ki, marşruta buraxılan avtobusların sayı artırılsın. Həmçinin bu avtobuslar müasir tələblərə cavab versin. Lakin illər ötür, bu tələblər yerinə yetirilmir”.
Ekspertin sözlərinə görə, əsas problem içtimai nəqliyyatın çatışmazlığı, nəqliyyatın düzgün tənzimlənməməsidir:
“İctimai nəqliyyatın şaxələnməsinə, yeni nəqliyyat sisteminin yaradılmasına ehtiyac var. Bunlardan biri tramvay ola bilər. İstər sadə, istər sürətli tramvay xətlərinin çəkilməsinə ehtiyac var. Bu tramvay xətləri sadəcə dekorasiya naminə, yəni turistlərin fonunda şəkil çəkdirməsi üçün deyil. Rentabelli və keyfiyyətli sərnişindaşıma həyata keçirə bilən tramvay xətləri olmalıdır”.