Qızların ana olmaq istəməməsi böyük problemdir.
Bunu bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı bildirib.
Deputat deyib ki, Azərbaycanda həmişə var olan möhkəm ailə institutu dağılır:
"Boşanmalar, abort halları, qızların ana olmaq istəməməsi böyük problemdir. Lakin sualım budur ki, Komitə uşaq pulu məsələsini dövlət qarşısında qaldırıblar ya yox?”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, Azərbaycan hökumətinin təklif etdiyi proqramlara parlamentdə münasibət bildirilir:
“Bizim bəzi sahələrdə ünvanlılığa üstünlük verdiyimiz sirr deyil. Qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, uşağın sayını aşağı endirmək olar. Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər həll edilə bilər”.
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, İndiki dövrdə qızların uşaq dünyaya gətirmək istəməməsinin bir neçə səbəbi var:
"Bura maddi problemlər, psixoloji və fiziki faktorlar daxildir. Elə xanımlar var ki, təhsilinə kapital qoyub və evləndikdən dərhal sonra ana olmağı arzulamır. Çünki kariyerasında yüksəliş etmək istəyir ki, dünyaya gətirəcək övladına daha yaxşı gələcək verə bilsin. Bəzi gənc qadınlar da var ki, fizioloji görünüşünün pozulmaması üçün uşaq dünyaya gətirmir. Ancaq bu düşüncədə olanların sayı xoşbəxtlikdən çox deyil. Bəzən isə maddi sosial rifahını nəzərə alaraq bu addımı atırlar. Çünki, hər körpənin ehtiyyacları ailənin xərclərini birə-beş artır. Xüsusi olaraq, suni qidalarından istifadə edən ailələrdə uşaqlara xərclənən məbləğ daha da artıq olur".
Ekspert qeyd edib ki, qızlar normal hamiləlik keçirtmirlər:
"Bəzi şərtlərə əməl etmədiklərinə görə,onların südləri olmur və yaxud olsa da fiziolji qurluşunu qoruyurlar. Bütün hallarda karyera və ailə eyni tərəziyə qoyulmamalıdır. Görünüşə görə, övladın olmasını illərlə təxirə salmaq doğru deyil. Ona görə ki, hər yaşda orqanizm fərqli olur. Unutmamalıyıq ki, hər şey öz vaxtında gözəldir".