Pensiya fondu nəyə xidmət edəcək? -Ekspertdən Açıqlama

Özəl pensiya fondu ilə bağlı normativ sənədlər hazırlanıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.                                                                                                                                        
O qeyd edib ki, bir ay ərzində layihələr aidiyyəti qurumlara göndəriləcək.                
Qeyd edək ki, bir müddət öncə H.Məmişov bildirib ki, özəl pensiya fonduna investisiyalar uzunmüddətli hesab olunur.                    
"Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq", - deyə o əlavə edib.
Maraqlıdır,yeni yaradılacaq pensiya fondunun vətandaşlara nə kimi faydası olacaq?

Məsələni dəyərləndirən iqtisadçı ekspert, Xalid Kərimli "Sherg.az"a açıqlamasında bildirib ki, bu məcburi deyil və seçimdən aslı olaraq təşkil olunacaq: 
"Özəl pensiya fondunun uzunmüddətli təşkil olunmağının əsas səbəbi ondan ibarətdir ki, insanlar işə başlayandan 65 yaşına qədər vəsait qoya bilsinlər. Hazırda pensiya fonduna icbari ödəmələr mövcuddur. Ancaq yeni yaradılacaq özəl pensiya fondları könüllülük əsasında qurulacaq. Vətandaşlara, iş verənlərə əlavə imkan yaradılacaq ki, onlar icbari ilə paralel olaraq, könüllü pensiya sxemini seçə bilsinlər. Bu işçinin və iş verən şəxsin özündən asılı olacaq. Yəni iş sahibi işçisinə əlavə fayda kimi bunu təklif edə bilər. Bununla da pensiyaya çıxan şəxs hökümətin təqaüd sxemindən deyil, əvvəlcədən müəyyənləşən pensiya fondundan yararlana biləcək".

Ekspert vurğulayıb ki, bunun müxtəlif formaları var: 
"Qanunvericilik dəqiq olmadığına görə, fikir bildirmək çətinləşir. Məsələn, xaricdə iki əsas formalaşıb. Birincisində pensiya yaşına çıxdıqdan sonra məbləğ bərabər hissələrə bölünüb verilir. Bu bizim ölkədə tətbiq edilən icbari sxemlə oxşardır. Digərində isə təqaüdü bir dəfəlik almaq imkanı mövcuddur. Özəl pensiya fondları peşəkar qurumlar olacağına görə, hər kəs öz vəsaitini idarə edə , investisiya qoya, artım etmək şansı qazana biləcək".