“Bizim həyət” layihəsinə ictimai dəstək göstərilməlidir
Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 42 və Bakıxanov qəsəbəsi Sakit Qocayev 25, 25a, 25b, 27 və 27c ünvanlarında 4600-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq, sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Yeni il bayramı ərəfəsində keçirilən tədbir zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.
“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Eyni zamanda həyətyanı sahələrdə 16 söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib.
Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 650 ədəd müxtəlif növ ağaclar, 19100 ədəd kol əkilib, 3542 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daş sarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bugünədək 149 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
“Ekoloq Jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı “Sherg.az”a açıqlamasında “Bizim həyət” layihəsinin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, xüsusən də Bakı kimi böyük və sıx yaşayış mənətqələri ilə əhatə olunmuş bir şəhərdə ağacəkmə aksiyalarının təşkilinə ciddi ehtiyac var:
“Binaların həyəti balaca, yaşıllıq sahələri isə yox səviyyəsindədir. “Bizim həyət” layihəsinin bu təşəbbüsü isə nümunəvi bir addımdır. Şəhər mühitinin rahatlığının yüksəldilməsində və çirklənməsi səviyyəsinin aşağı salınmasında yaşıllığın böyük rolu var. Belə ki, şəhərdə yaşıllıqların salınması, ağacların əkilməsi, bağların, parkların yaradılması həm havanın təmizlənməsinə, həm ərazinin abadlaşdırılmasına, həm də insanların istirahəti üçün gözəl məkanların çoxalmasına müsbət təsir göstərir.
Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq üçün oyun meydançalarının salınması da çox gözəl bir addımdır. Hesab edirəm ki, layihənin miqyası genişləndirilməli, şəhərin daha çox ərazisini əhatə etməlidir. Binaların həyətindəki lazımsız tikililər sökülməli və bina sakinləri üçün rahat istirahət mühiti yaradılmalıdır. Binaların əksəriyyətinin həyətyanı sahəsi yardımçı tikililərlə doludur. Xaotik bir vəziyyət yaranıb şəhərdə. Yeni tikilən hündürmərtəbəli binaların həyətləri demək olar ki, yoxdur, hamısı bir-birinin içindədir. Köhnə binaların həyətlərində isə yaşıllıqlar məhv edilib, yerində müxtəlif məqsədlər üçün istifadə edilən obyektlər tikilib”.
E.Bayramlının sözlərinə görə, “Bizim həyət” layihəsinə ictimai dəstək göstərilməlidir. Eyni zamanda şirkət maliyyə yardımları etməlidir ki, layihənin əhatə dairəsi daha da genişləndirilsin:
“Bu təşəbbüs sayəsində şəhərimiz insani yaşayış mühitinə çevrilsin. Təkcə paytaxtda yox, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir kimi böyük şəhərlərdə də bu ideyanı reallaşdırmaq olar: “Bakı dünyada yaşıllıq sahəsinin ən az olduğu şəhərlərdən biridir. Moskva şəhərinin ümumi ərazisinin 54 faizi yaşıllıq sahəsidir. Bu rəqəm Sinqapurda 47, Sidneydə 46, Vyanada isə 45 faiz təşkil edir. Normal şəhərlərdə isə yaşıllıq sahəsi ümumi ərazinin 33 faiz və daha artıqdır. Bakıda isə bu rəqəm heç 10 faiz belə deyil. Son 30 ildə ümumi yaşıllıq sahəsi 2 dəfə, adam başına düşən yaşıllıq sahəsi isə 4 dəfə azalıb”.