"Paytaxtın tıxac probleminin universitetlərin mərkəzdən kənara köçürülməsi ilə həll olunacağını düşünmürəm"
Bu sözləri "Sherg.az" a açıqlamasında təhsil eksperti Elmin Nuri Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan universitetlərin köçürülməsinə münasibət bildirərkən deyib:
"Bu məsələ illərdir öz aktuallığını qoruyub saxlayır. Amma universitetlərin tıxacın yaranmasında yaratdığı problemlərlə bağlı hansı hesabatlar aparılıb? Hansı statistikada universitetlərin Bakının tıxacında oynadığı faiz qeyd olunub? Bu gün Bakıda fəaliyyət göstərən universitetlər tıxac yaratmaq imkanlarında deyillər. Paytaxtdakı universitetlərin bəzilərinin 5-10 min aralığında tələbəsi var. Özəl universitetlərdə bu rəqəm daha aşağıdır".
E.Nuri hazırda paytaxtın hər yerində tıxacların müşahidə olunmasına diqqət çəkib:
"Universitetlər yerləşməyən yerlərdəki tıxacların səbəbi nədir bəs? Doğrudur, dərsə avtomobillə gedən müəllim və tələbələrin çox cuzi təsirləri var. Amma hesablamaq aparsaq hər gün işə gedən milyonlarla insanla müqayisədə sayı heç 100 min olmayan universitet əməkdaşlarının təsiri nə qədər ola bilərki? Universitetlərin mərkəzdən kənarlara köçürülməsinə gəldikdə, bəli dünyanın bir çox ölkəsində tətbiq olunur. Lakin, bunun səbəbi tıxacları azaltmaq deyil, iqtisadi canlanma yaratmaqdır. Universitet yerləşdiyi bölgəyə canlılıq yaradır. Digər tərəfdən universitetlərin kənarda yerləşməsi kampüs sahiblənmək şansı daha çoxdur . Məsələn Bakı Ali Neft Məktəbinin fonunda bunu görə bilərik. Əvvəl kiçik bir ərazini əhatə edirdi, sonra Bibiheybət ərazisinə köçürülərək özü üçün böyük bir kampüs yaratdı. Doğrudur, bu prizmadan məsələyə yaxınlaşdıqda mən də universitetlərin mərkəzdən kənara köçürülməsi tərəfdarıyam. Amma səbəb tıxac deyil, qeyd etdiyimiz məsələlər olmalıdır".