Metro sərnişinlərinin 90 faizi gözlərini smartfonlara zilləyir
Telefon və internetdən asılı insanlar bu səbəblərdən daha erkən yaşda ölür
“Gözləri görmür uşaqların, belləri əyilir, beyinləri yüklənir. Qan dövranı buna görə pozulur. Uşaq yeməyə meyilli olmur, iştahı “qaçır”
Britaniya tədqiqatçıları belin əyilməsinin və qamətin pozulmasının insan ömrünü qısaltdığını bildirir. Bu barədə “Medicina”da yer alan xəbərdə məlumat verilir. Tədqiqatçılar qeyd edir ki, belin, qamətin əyilməsi zamanı ürək və tənəffüs orqanları normal işləmir. Eləcə də, günün böyük hissəsini telefonda yazışaraq, internet resursları izləyərək keçirmək piylənmə yaradır. İllərlə qadjetlərdən (əldə gəzdirilən mobil qurğular, elektron proqram daşıyıcıları) istifadə edənlərdə əyri onurğa və əyri qamət formalaşır. Bu isə orqanizmdə, başda qan dövranını pozur, bu adamların ürəyi normadan çox yüklənir. Bütün günü internet şəbəkələrə baxmaq, oyun oynamaq, elektron poçtda çox olmaq hiperkifoza səbəb olur. Kifoz isə ağciyər və ürək-damar problemlərini yaradır. Kifoz olan insan dərin diafraqmal nəfəs almır, ağciyər toxuması sıxılmış olur. Döş qəfəsi qabırğaları deformasiyaya uğrayır, ürək və ağciyərlər sıxılır. Təəssüf ki, bunu insanlar vaxtında görmür, xəbərdarlığı eşitmir. Telefon və internetdən asılı insanlar bu səbəblərdən daha erkən yaşda ölür.
Britaniya tədqiqatçıları, əlbəttə, dövrümüz üçün aktual olan tədqiqata imza atıb. Lakin tədqiqat aparılmasa belə, mobil telefonlara, internet resurslara, sosial şəbəkələrə hədsiz bağlılığın insan orqanizminə ziyan verdiyi zatən bəllidir. İnsanların smartfonlardan asılı vəziyyətə düşdüyü hər addımda görünür. İcitmai nəqliyyatda bu, daha qabarıq görünür. Metroda qarşı sırada əyləşən 6 sərnişindən gözünü smartfona zilləməyən bəlkə 1 nəfər ola, ya olmaya. Müşahidə etdikdə görünür ki, vaqondakı sərnişinlərin 90 faizi, əyləşənlər də, hətta ayaqüstə dayananlar da smartfona zillənib. Yolda hərəkət edəndə də gözlərini mobil telefondan çəkmirlər. Valideynlər də, nənə-babalar da, metroda, ya avtobusda əyləşən kimi telefonu çıxarıb verir uşağın əlinə. Körpə uşaqları da mobil telefonla sakitləşdirirlər. Təki ağlamasın, smartfona yüklədikləri oyunlarla başını qatırlar uşağın. Bu bəla nə zaman bitəcək, nə zaman ata-analar bunun övladlarının sağlamlığına, elə öz sağlamlıqlarına da ziyanlı olduğunu anlayacaqlar?
Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, telefon, internet asılılığı uşaqların, yeniyetmələrin gələcək sağlam həyatına böyük təhdiddir:
- Məktəblilərin çoxu eynək taxır. Görmə zəifliyi yaranır uşaqlarda. Bu da mobil telefona, planşetlərə çox baxmağın nəticəsidir. Onsuz da internet əsridir. Uşaqlar məktəbdə internetlə, kompüter bilikləri ilə məşğuldur. Dərsləri kitabdan yox, internetdən öyrənirlər. Validyenlər bütün günü vatsap qrupunda yazışır. Müəllimlərlə vatsap vasitəsilə əlaqə saxlayırlar. Başa düşürük, zaman yetmir. Yaxşı, bəs evdə mobil telefondan asılı qalmaq nə üçündür? Evdə bunun müddətini azaltmaq olar axı. Məktəbdən qayıdan şagirdə nəqliyyatda niyə smartfon uzadılmalıdır? Onsuz da bu uşaq yorulub məktəbdə. Bir də üstəlik ana, nənə uşağa mobil telefon verir ki, al, başını qat! Belə olmaz. Bu, çox pis, düzəldilməsi mümkün olmayacaq vəziyyət yaradacaq, sonra başlarına, dizlərinə döyəcəklər, gec olacaq. Böyük adamdılar, başa düşmürlər ki, bütün günü mobil telefona baxmaq, hər nə var izləmək orqanizmi uçuruma aparır. Cavan uşaqlar görürəm, ikiqat olub telefonda nəyəsə baxır. Yekə kişilər telefonda “iqra” oynayır. Dəhşətdi bu. İnsanlar özləri üçün məşğuliyyət tapa bilmir. Kitab oxumurlar, sakit, həzin mahnılara qulaq asmırlar. Beyin dincəlmir, əsəblər sakitləşmir. Sonra da deyirik ki niyə cəmiyyətdə qəddarlıq, aqressiya artıb. Artacaq, əlbəttə.
V.Qarayev qeyd etdi ki, uşaq üçün alternativlər tapmaq lazımdı yaş həddinə uyğun olaraq:
- Tapan analar var, şeir, nağıl, rəsm, musiqi və s. ilə məşğul edirlər uşaqlarını. Amma əksər analar özləri telefona yapışdığına görə uşaq da telefonda “oturur”. Bir tərəfdən təhsil sistemini yıxıb-sürüyürük ki, məktəbli çantaları ağırdır, uşaqların beli, onurğa sütunu əyilir, bir tərəfdən də valideyn mobil telefonu verir uşağın əlinə, bədbəxt edir onu. Gözləri görmür uşaqların, belləri əyilir, beyinləri yüklənir. Qan dövranı buna görə pozulur. Uşaq yeməyə meyilli olmur, iştahı “qaçır”. Normal qidalanmır, normal da böyümür. Başa düşürük, valideyn deyir, övladından narahatdır, bilməlidir məktəbdən evə gəlib, hardadır. Bunu anladıq. Bəs avtobusda, metroda niyə mobil telefonu verirlər uşağa, evdə niyə uşağı ondan ayıra bimirlər? Cəhd etmirlər. Bəzi valideynlər üçün belə daha rahatdır, uşaq məşğuldur, o da özüylə məşğuldur...