Buraxılış kartı olmayanlara taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək 

AYNA buraxılış kartı verir

Qaydalara əməl edənlər 7 il maneəsiz işləyəcək

  Taksi sürücülərinə və taksi xidmətinə tətbiq edilən yeni tələblər bu nəqliyyat növündə gediş haqqının artmasına səbəb olub. "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Bunun üçün də taksi sürücülərinin təlimlərdə iştirakı vacibdir. Əks halda onlara buraxılış vəsiqəsi və buraxılış kartı verilməyəcək. Bu barədə "Sputnik Azərbaycan"a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib. O bildirib ki, təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir. Regionlarda 600-dək sürücü təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib artıq. Bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 mindən çoxu təlimləri bitirib. Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə müraciət edə bilər. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Qeyd edək ki, təlimlərdə iştirak üçün 76 manat rüsum ödənməsi tələb olunur.  
 
 Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, taksi sürücülərinin xüsusi təlim kurslarına cəlb olunması qərarı ötən ilin oktyabrında verilib və yanvar ayından yeni qaydanın qüvvəyə minəcəyi göslənilən idi: 

- Ötən ilin oktyabr ayından etibarən elan edildi ki, avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bununla bağlı məlumat yaymışdı. Bildirilirdi ki, icazələr AYNA tərəfindən 7 il müddətinə verilir: "Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də, yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, müntəzəm daşımalarda, eləcə də, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərə uyğun olmalıdır. Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi və müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinə AYNA tərəfindən buraxılış kartı veriləcək. Buraxılış kartı olmayanlara isə taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək. Bu da gözlənilən idi. Çünki son zamanlar taksi fəaliyyətindən narazılıqlar artmışdı. Baxmayaraq ki, taksi fəaliyyəti operativliyin təmini ilə müqayisədə ən ucuz xidmət növü hesab edilir, bəzən vətəndaşlar narazı qalırdılar. Xüsusən də taksi sürücülərinin etik davranış qaydalarını kobud pozması səbəbindən. Əlbəttə, taksi sürücülərinin təlimlərə cəlb olunması, təlimlərin sonunda sertifikatla təmin edilmələri və icazə sənədi almaları müsbətdir. Bu, taksi xidməti sahəsində qayda-qanun yaradılmasına xidmət edir. Sürücü qaydalara uyğun davranmalıdır, əks halda cərimə ediləcək. Taksi fəaliyyətinə dair tələblər onsuz da mövcud idi. Sadəcə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edildiyindən taksi fəaliyyətinə dair tələblərə də dəyişiklik edildi. Taksi xidməti ilə məşğul olanların müvafiq icazə sənədi mütləq olmalıdır. Lakin bu işlər elə icra edilməlidir ki, əhali narazı qalmasın.  Bir tərəfdən taksi xidməti sahəsində qayda-qanun yaradılır, bir tərəfdən də sübh tezdən işə gedən və ya axşam gec saatlarda işdən çıxan adamlar nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkirlər. Xüsusən də soyuq, qarlı, yağışlı havalarda. Taksi sürücülərinin gediş haqqını qaldırmaq üçün əllərinə bəhanə düşür. Soyuğu, yolların qarlı, buzlu olmasını, icazə sənədini, buraxılış vəsiqəsini bəhanə edirlər. Adi vaxtlarda sərnişinləri adambaşı 1-2 manata aparan sürücü, qarlı havada qiyməti 5 manata qaldırır. Səbəb də göstərir ki, riskə gedir. Maşın xarab ola bilər, onun təmirinə əlavə pul xərcləməli olacaq. Ona görə də gediş haqqını qaldırırlar. Yəni bir növ bununla özünü, nəqliyyat vasitəsini sığorta edir guya. Aidiyyəti qurumlar belə məsələlərə nəzarət etməlidir. Sürücüdən təlimlərə qatılmağı, dövlət rüsumu ödəməyi tələb edirlər, amma sərnişin şikayət edəndə ki, taksilər qiyməti qaldırıb, cavab verirlər ki, özəl şirkətdir, müdaxilə etmək ixtiyarları yoxdur. Vəziyyət bu həddə çatmasın deyə, ictimai nəqliyyatın hərəkəti fasiləsiz olmalıdır. Heç kim istəməz ki, 40 qəpiyə gedə biləcəyi məsafəyə görə 1-2 manat ödəsin. Avtobuslar vaxtlı-vaxtında yola çıxsalar, sərnişinlər ictimai nəqliyyatdan istifadə edər.