Baş Planda kifayət qədər ciddi hədəflər qoyulub: Tıxaclar yaxın illərdə aradan qaldırılacaq

İnsanlar işlədikləri, təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatacaq


  “Bir insan Bakıda il ərzində ömrünün 7,6 gününü tıxacda keçirir”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin dünən keçirilən iclasında deputat İltizam Yusifov deyib.
Deputat bildirib ki, hər gün Bakıda tıxaclarla qarşılaşırıq: “10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5 gündən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu, çox böyük rəqəmdir”.
  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə deyib ki, Bakının Baş planında əsas hədəflərdən biri şəhərin istənilən hissəsində yaşayan insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatmasıdır. 
O qeyd edib ki, hazırda bütün dünyada "15 dəqiqəlik şəhər" prinsipi tətbiq edilir: “Bu prinsip o deməkdir ki, şəhərdə bərabər keyfiyyətdə infrastruktur təmin edilsin”. A.Quliyevin sözlərinə görə, Baş planda mobillik məsələsinə geniş yer ayrılıb: “Baş plan nəqliyyat məsələlərinin həlli, küçə şəbəkəsinin inkişaf etdirilməsi, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın hərəkəti kimi məsələləri əhatə edir. Bakıda bir çox mərkəzi hissələrdə sürətin azaldılması nəzərdə tutulur. Bakı insanyönümlü və insanların rahatlığını təmin edən şəhər olmalıdır”.
Bəs, mütəxəssislər nə düşünür? Bakının Baş Planı tıxacların qarşısını alacaqmı?  
  
Nəqliyyat eksperti Ərşad Hüseynovun fikrincə, Baş Planda kifayət qədər ciddi hədəflər qoyulub. Onlara nail olunması paytaxtın və Abşeron aqlomersiyasının mobillik mühitini əsaslı şəkildə dəyişə bilər.
  Ekspert “Sherg.az”a açıqlamasında deyib ki, Bakının Baş Planında əsas hissələrdən biri nəqliyyatla bağlıdır. Belə də olmalıdır. Yol-nəqliyyat infrastrukturu normal olmayan şəhərdə sağlam mühitdən, səmərəli və dayanıqlı sosial-iqtisadi inkişafdan və s. vacib məsələlərdən danışmaq yersizdir:
 “Baş Planda kifayət qədər ciddi hədəflər qoyulub. Onlara nail olunması paytaxtın və Abşeron aqlomersiyasının mobillik mühitini əsaslı şəkildə dəyişə bilər. Əsas məqamlardan biri odur ki, Bakının perspektiv inkişafına ictimai nəqliyyat yönümlü şəhərsalma (İNYŞ) baxışı bu planda yer alır. Mikromobilliyin (velosipeddən istifadə və s.) inkişafı, piyada mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və başqa maraqlı elementlər də var. Ən mühümü  isə bu planın real icrasıdır. Hər nə qədər alternativ giriş-çıxış yolları, həlqəvi, dairəvi yollar yaradılsa da, sonucda bu yollar yenə də mərkəzi küçələrə birləşəcəksə, tıxaclar qaçılmaz olacaq. Əhalinin böyük qismi mərkəzə istiqamətlənən yollardan istifadə edir hər gün”.

  Ə.Hüseynovun sözlərinə görə, Baş Plandakı bəzi tədbirlərin icrası özəl biznesin sərmayələrini nəzərdə tutsa da, nəqliyyatla bağlı bütün tədbirlərin yeganə maliyyələşmə mənbəyi dövlət vəsaitləridir:
 “Belə də olmalıdır. Çünki nəqliyyata xərclənən pul heç bir halda  birbaşa gəlir  gətirmir (nəqliyyata qoyulan sərmayədən cəmiyyətin və dövlətin dolayı qazancı isə ölçüyəgəlməz dərəcədə böyükdür). Bu səbəbdən özəl biznes ona pul xərcləməyəcək. Baş Planda 2040-cı ilədək nəzərdə tutulan nəqliyyat tədbirlərinə 16,9 milyard manat sərmayə qoyuluşu hədəflənib. Kifayət qədər ciddi rəqəmdir”.